Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı olan “TOGG” avtomobili istədiyini açıqlayıb.
Eləcə də bax: İlham Əliyev Ərdoğanı “Togg”un istehsalı münasibətilə təbrik edib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən məlumat verib.
“Biz vətəndaşlarımızın qarşısında variantlar təqdim edəcəyik, hansını bəyənsələr, onu alacaqlar. Həyat yoldaşım qırmızı rəngi bəyəndi, onu istifadə edəcəyik. Avtomobillə bağlı ikinci təklif gəldi və bu təklifi edən İlham Əliyev oldu. O, iki “TOGG” istədiyini bildirdi. Dedi ki, istehsal olunacaq ikinci və üçüncü avtomobilləri o istəyir. İlham Əliyev bu avtomobillərdən birini xidməti, digərini isə iqamətgahda istifadə edəcəyini qeyd edib. Hətta bu gün telefon danışığımızda da bunu xatırlatdı”, - deyə Türkiyə lideri qeyd edib.
Jurnalistin İlham Əliyevin hansı rəngdə avtomobil istəməsinə dair suala isə Ərdoğan belə cavab verib: “Rəng məsələsini müzakirə etmədik. Düşünürəm ki, İlham Əliyev avtomobilin hansı rəngdə olmasını Mehriban xanımla müzakirə edib bizə məlumat verər”.
Onun sözlərinə görə, “TOGG” satışa çıxanda rəqabətədavamlı olacaq: “Sıfırdan 100 kilometrə 4,8 saniyəyə çata bilir”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə bir neçə gün əvvəl “TOGG” avtomobilini sınaqdan keçirib. Ərdoğan tədbir zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək.