Cənubi Koreyanın «Hyundai» şirkəti Türkiyədə elektromobil buraxmaq üzrə planlarını açıqlayıb.
FED.az xəbər verir ki, «Hyundai Motor Türkiyə»nin baş direktoru Murat Berkel Türkiyədə elektrikli avtomobil istehsalının 2026-cı ilin ikinci yarısında İzmit fabrikində başlayacağını bildirib.
«Hyundai Motor Türkiyə»nin 2024-cü ildəki yekunları və 2025-ci il üzrə planlarını açıqlayan şirkət rəhbəri bildirib ki, artıq il yarımdan sonra İçmitdəki zavodda elektrikli avtomobil istehsalı başlanacaq. Bununla yanaşı, «Hyundai»nin benzin modelləri də istehsal olunacaq.
Fabrikdə elektrikli avtomobil istehsalı ilə bağlı işlərin tam sürətlə davam etdiyini qeyd edən Berkel, qeyd edib ki, müəssisədə «çox gözəl bir elektrikli avtomobil» istehsal olunacaq, bu avtomobillər Türk istehlakçılarına və Avropaya satılacaq.
Berkel qeyd edib ki, 2024-cü ildə dünyada avtomobil satışı 1,7% artaraq 88,2 milyon ədəd olub. Elektrik avtomobillərin satışı isə 17 milyon ədəd olub. Berkel, "5 il əvvəl elektrik satışları 2 milyon civarında idi. Bu, nəzərəçarpacaq dərəcədə artdı. Dünyada 500 tam elektrikli model satılır. 2030-cu ilə qədər bu rəqəmin 1000-ə çatacağı proqnozlaşdırılır" deyib.
Qeyd edək ki, «Hyundai Motor Türkiye» 28 ildir fəaliyyətə başlayıb və indiyədək üç milyondan çox avtomobil istehsal edib. Murat Berkel zavodun ixraca və milli iqtisadiyyata əhəmiyyətli töhfə verməyə davam edəcəyini də qeyd edib.