Avtomobillərin atmosferə buraxdığı zəhərli maddələr ekologiyanı korlamaqla yanaşı insan sağlamlığı üçün də ciddi təhlükə hesab olunur.
FED.az xəbər verir ki, bu tip maddələr insan orqanizmində bir çox xəstəliklərin ortaya çıxmasına zəmin yaradır. Bu səbəbdən Avropa ölkələri, Yaponiya, ABŞ və digər dövlətlər atmosferə zərər verməyən elektromobil və hibrid avtomobillərin istehsalını həyata keçirməyi qərara alıb. Təqribən 20 il bundan əvvəl ilk olaraq Yaponiya şirkəti hibrid avtomobillərin istehsalına başlayıb. Hazırda isə dünyanın bütün məşhur avtomobil markaları elektromobil və hibrid avtomobillərin istehsalına geniş yer ayırır.
Azərbaycanda isə bir çox insan hələ ki, hibrid avtomobillərin üstünlüklərindən və işləmə mexanizmindən xəbərsizdir.
Eləcə də bax: Pajero или Prado: кто круче? - ТЕСТ-ДРАЙВ, ОБЗОР
HİBRİDLƏRİN İŞLƏMƏ MEXANİZMİ NECƏDİR?
Hibrid avtomobillərdə əsas mühərrikin yanında bir köməkçi mühərrik də olur ki, bu, elektrik mühərrikidir. Bu mühərrikin heç bir yerdən cərəyan yığmasına, şarj olunmasına ehtiyac yoxdur. Mühərrik enerjini hərəkətdən yığır. Belə ki, avtomobil hərəkət etdikcə, əyləci basdıqca təkərlər vasitəsilə enerji toplayır. Elektrik mühərrikinə böyük bir akkumulyator da əlavə edilib ki, toplanan enerji elektrik mühərrikindən həmin akkumulyatora ötürülür və hərəkət zamanı ondan istifadə edilir. Həmin akkumulyator avtomobilin alt hissəsində, arxa oturacaq tərəfdə yerləşir. Avtomobil saatda 50 kilometrdən aşağı sürətlə hərəkət edərkən elektrik mühərriki çalışır, yəni hibrid dediyimiz sistem fəaliyyətdə olur. Saatda 50 kilometrdən yüksək sürətlə hərəkət etdikdə isə artıq ənənəvi benzin mühərriki işə düşür. Hibrid avtomobillərdə enerji tükənmir. Çünki əsas mühərrik çalışanda belə avtomobil enerji yığır.
HİBRİDLƏRİN ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?
Avtomobil üzrə ekspert Eldəniz Cəfərov "Finans.az"a açıqlamasında bildirib ki, hibrid avtomobillərə texniki qulluq çox ucuz başa gəlir:
"Bu avtomobillərdə həm yanacağa, həm də mühərrikin yağına qənaət edilir. Daha əvvəl Azərbatcanda hibridlərin rəsmi servis xidməti tam qurulmamışdı. Həm ehtiyyat hissəsi, həm də usta məsələsində problem yaşanırdı. Ona görə də insanlar bu avtomobilləri almağa ehtiyat edirdilər. Sonra ölkəmizdəki rəsmi dilerlər öz əməkdaşlarını xaricə təlimlərə göndərdilər, ordan da bura mütəxəssislər dəvət etdilər və hibridlə bağlı problemlər ortadan qaldırıldı. Artıq Azərbaycanda hibrid avtomobillərin servis xidməti problemli deyil. Rəsmi servislər bu avtomobillərin keyfiyyətinə, təmirinə zəmanət verirlər. Bu isə o deməkdir ki, Azərbaycanda artıq hibrid avtomobillər üçün tam olaraq servis xidməti təşkil olunur. Servislərdə bütün ehtiyyat hissələrini tapmaq mümkündür".
Eləcə də bax: Son 15 ildə ən çox alınan Mercedes modelləri - TOP 10
AZƏRBAYCANDA HİBRİD AVROMOBİLLƏRƏ MARAQ NECƏDİR?
Ekspertin sözlərinə görə, Azərbaycana ilk gətirilən hibrid avtomobil “Lexus” modelidir:
Avtomobil üzrə ekpert Eldəniz Cəfərov
"Azərbaycanda hibrid avtomobillərin ən çox yayılanı 1500 kub santimetr mühərrikli modellərdir. Bunlardan biri də “Toyota Prius” modelidir. Birinci ələ nisbətən ikinci əl olan hibrid modellər daha çox üstünlük təşkil edir. Hər gün Azərbaycana azı iki köhnə “Toyota Prius” modeli daxil olur. Yaponiya istehsalı olan bu avtomobillər ABŞ-dan Gürcüstan bazarına, oradan da Azərbaycana gətirilir. Bu yaxınlarda Azərbaycana 2500 kub santimetr mühərrikli “Toyota RAV 4” modeli gətirilib".
"Hibrid avtomobillərin ekologiyaya və insan sağlamlığına zərər verməməsinə baxmayaraq tətbiq olunan gömrük rüsumları və aksiz vergisinin ənənəvi yanacaqla çalışan avtomobillərlə eyni olması onların Azərbaycana idxalını zəiflədir. Düşünürəm ki, bu avtomobillərə tətbiq edilən gömrük rüsumları azaldılmalı, aksiz vergisi isə ümumiyyətlə ləğv edilməlidir. Çünki bu avtomobillər atmosferə az zəzər verir. Bundan əlavə avtokreditləşmənin faizini azaltmaq lazımdır. Azərbaycanda avtomobillərlə bağlı bank faizləri çox yüksəkdir. İnsanların təzə avtomobillərdən istifadə etməsi üçün kredit şərtləri yumşaldılmalıdır. İlkin ödəniş 40%-dən 20%-ə düşməli, illik faiz də heç olmasa 9-10%-ə endirilməlidir. Belə olan təqdirdə vətəndaşlarımız atmosferə, insan sağlamlığına zərər verən köhnə maşınları almayacaqlar. Hazırda Azərbaycanda təxminən 1 milyon 300 min avtomobil var ki, bunun əksəriyyəti köhnə, yararsız avtomobillərdir", - deyə, ekspert əlavə edib.
HİBRİDLƏRLƏ YANACAĞA NƏ QƏDƏR QƏNAƏT EDƏ BİLƏRİK?
Müqayisə üçün qeyd edək ki, ənənəvi mühərriklə işləyən 2400 kub santimetr mühərrikli "Toyota RAV4" avtomobili 100 km-ə 10 l benzin sərf etdiyi halda, hibridlə işləyən 2500 kub santimetr mühərrikli "Toyota RAV4" 100 km-ə 4,5 l benzin sərf edir. Eyni zamanda benzinlə işləyən 1300 kub santimetr mühərrikli "Honda Civic" avtomobili 100 km-ə 7,1 l, hibridlə işləyən "Honda Civic" avtomobili isə 100 km-ə 5 l benzin istifadə edir. 1800 kub santimetr mühərrikli "Toyota Prius" modeli isə 100 km-ə 4,5-5 l yanacaq yandırır.