"Hər il ölkəmizdə istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşür".
Utilizasiyaya götürülən hər avtomobilə - 1000 MANAT ÖDƏNİLİR
FED.az xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC-nin nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov nəqliyyat vasitələrinin utilizasiyasının həyata keçirildiyi məkana təşkil olunan mediaturda deyib.
O bildirib ki, statistikaya əsasən, hazırda ölkəmizdə hər beş avtomobildən biri ekoloji-normativ tələblərə, o cümlədən təhlükəsizlik normalarına cavab vermir və istismara yararsız vəziyyətdədir:
"Narahatedici məqam isə odur ki, bu göstərici ildən-ilə artmaqdadır. Həmçinin, hər il orta hesabla 1600-dən çox yol-nəqliyyat hadisəsi baş verir ki, bu da nəticədə yararsız nəqliyyat vasitələrinin sayının artmasına təsir göstərir. 2023-cü ilin statistik məlumatlarına əsasən, ölkəmizin nəqliyyat parkının yalnız 15%-ə qədərini istehsal-buraxılış ili 10 ilədək olan nəqliyyat vasitələri təşkil etmişdi. Bu statistikanın özü də nəqliyyat parkının yenilənməsi üçün tədbirlərin həyata keçirilməsini zərurətə çevirmişdi".
"Bütün bu məqamları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-23-cü illər üçün Dövlət Proqramı"nda nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub. Dövlət Proqramının Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən, proqramın tətbiqində üç əsas istiqamət müəyyən edilib:
- Azərbaycanda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək;
- ekoloji vəziyyəti yaxşılaşdırmaq;
- yerli avtomobil istehsalını stimullaşdırmaq.
Proqramın hazırlanmasında 15-ə qədər dövlət orqan və qurumu, o cümlədən aidiyyəti mütəxəssis və ekspertlər iştirak ediblər, bir sıra dünya ölkələrinin təcrübələri araşdırılıb. Həmçinin, proqramın tətbiqi ilə əlaqədar mövcud qanunvericiliyə yeni müddəalar əlavə edilib, ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib", - deyə Mirzə Laçınov qeyd edib. (Oxu.az)