Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda dayanma-durma qaydaların pozan sürücülər haqqında məlumat yayıb. FED.az xəbər verir ki, Agentliyni tətbiq etdiyi yeniliklərdən, o cümlədən nəzarətin gücləndirilməsindən yayınmaq üçün bəzi sürücülər onlara məxsus avtomobillərin dövlət qeydiyyat nömrələrini müxtəlif vasitələrlə gizlədərək məsuliyyətdən yayınmaq məqsədilə süni maneələr yaradır.
Agentlik bildirir ki, bu hal yol hərəkəti haqqında qanunun tələbinin kobud pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir.
Eləcə də bax: Məhkəmə və İcra idarələri ilə əlbir olan şəbəkə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA
Qeyd edək ki, bu hallara yol verən sürücülər qeydə alınaraq barələrində müvafiq tədbirlərin görülməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən aidiyyəti üzrə müraciət olunacaq.
Bildirək ki, sözügedən tədbirlərin həyata keçirilməsində məqsəd, paytaxtın küçə və prospketlərində nizam-intizamın yaradılması, rahat və təhlükəsiz hərəkətin, həmçinin, ictimai nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsidir.
Yol hərəkəti qaydalarına əməl etməyiniz tövsiyə edilir.
Həmin sürücülər 500-800 manat cərimə ediləcək – AGENTLİKDƏN AÇIQLAMA
17:33
16 Yan 2019