Gürcüstanın Kutaisi şəhərində elektik enerjisi ilə işləyən avtomobillər istehsal edəcək fabrik inşa olunacaq.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.
Eləcə də bax: Rusiyada “Mercedes” istehsal olunacaq
Onun sözlərinə görə, dünyanın iri avtomobil istehsalçılarından olan "Changan" şirkəti Gürcüstanda elektrik avtomobillər istehsal edəcək fabrikin tikintisi barədə qərar qəbul edib: "Bizim regionda ilk dəfə olaraq Gürcüstanda elektrik avtomobillərin istehsalına başlanılacaq. "Changan" "Volvo", "Volkswagen" və "Ford" şirkətlərinin strateji tərəfdaşıdır. 2020-ci ildən etibarən elektrik avtomobillərin satışını həyata keçirə biləcəyik".
M.Baxtadze deyib ki, fabrikin istehsal gücü 40 min avtomobil olacaq ki, bunun da 50%-i daxili bazar üçün nəzərdə tutulacaq. Avtomobillərin 20 mini isə Avropa İttifaqı ölkələrinə ixrac olunacaq: “Bu, böyük uğurdur. Gürcüstanda istehsal olunacaq elektrik maşınlar ölkədən Avropa bazarına ixrac olunacaq əsas mal olacaq. Fabrikdə elektrik avtomobillərin 4 modeli istehsal ediləcək və nəqliyyat vasitələri Gürcüstanın bütün vətəndaşları üçün əlçatan olacaq" (@report).