Almaniyanın ən iri “yaşıl” elektrik enerjisi hasilatçıları Avropada cərəyandoldurma stansiyalarının tikintisi və onlara xidmət üçün xüsusi biznes bölmələri yaradıblar.
Avropa İttifaqının, o cümlədən Almaniyanın elektrik energetikasında ən mühüm simalardan biri olan Peter Terium deyib: “Tezliklə eksponent üzrə elektromobillər satışı genişlənməyə başlayacaq”. O, böyüklüyünə görə Almaniyada ikinci olan RWE energetika konserninə 2016-cı ilin payızına qədər başçılıq edib. Sonra qətiyyətlə konserni iki yerə parçalayaraq, onun “Innogy” adlanan hissəsinin başında durub. “Innogy” fəaliyyətini Avropa ərazisində bərpa olunan mənbələrdən elektrik enerjisi hasilatı üzərində cəmləşdirib.
P.Terium elektromobillər üçün cərəyandoldurma infrastrukturuna xidmət sahəsini yeni şirkətinin fəaliyyətinin ən perspektivli istiqamətlərindən biri sayır. O, “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib: “Çox vaxt belə olur: bir iş uzun müddət alınmır və birdən sürət götürür. Tezliklə elektromobillər sahəsində bu məqam yetişəcək və biz buna tam hazır olacağıq”. O xatırladıb ki, 2017-ci il yanvarın 1-dən “Innogy” şirkətində “Elektromobillik” deyilən ayrıca biznes-bölmə fəaliyyət göstərəcək və bu bölmə sırf elektromobil sahiblərinə xidmət göstərməklə məşğul olacaq.
Azertag©