Xəbər verildiyi kimi, sentyabrın axırında Azərbaycanda növbəti «Formula-1» yarışları keçiriləcək.
FED.az-ın məlumatına görə, bu yarış ölkədə uzun müddətdir keçirilsə də, hələ də bu yarışın əsl faydaları ilə bağlı müzakirələr gedir. Yarış dövründə tətbiq edilən məhdudiyyətlər isə müzakirələri daha da gücləndirir.
Belə bir dövrdə yarışın təşkilatçısı olan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti «Formula-1»in ölkəyə faydaları barpədə açıqlama yayıb.
Yurumun mətbuat katibi Arzu Hüseynova deyib ki, “Formula-1″ yarışı Azərbaycanın beynəlxalq imicinə töhfə verir, ölkənin mədəniyyəti və qonaqpərvərliyini dünyaya tanıdır.
Eyni zamanda yarış ölkənin turizminə böyük gəlirlər gətirir: «Yarış günlərində Bakıya minlərlə turist gəlir ki, bu da hotel, restoran, nəqliyyat və digər xidmət sahələrində iqtisadi canlanma yaradır. Məsələn, ötən il bilet alan tamaşaçıların 77%-i xarici turist olub. Artan maraq səbəbi ilə bu il iki yeni tribuna əlavə edilib və beləliklə ümumi tribuna sayı 12-yə çatdırılıb. Onlardan 9-na biletlər artıq tam satılıb. Bununla yanaşı, könüllü proqramları vasitəsilə yüzlərlə gənc beynəlxalq təcrübə qazanır, bu da onların sosial və peşəkar inkişafı baxımından çox önəmlidir».
Şirkət nümaynədəsinin sözlərinə görə, «Formula-1» Azərbaycana Avropa turisti gətirən əsas hadisələrdəndir, ümumilikdə bu il «Formula-1»i Bakıda izləmək üçün 100 ölkədən turist gələcək: «Ən çox tamaşaçı Avropa ölkələrindən gəlir – xüsusilə Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya və Niderlanddan. Bununla yanaşı, qonşu ölkələrdən – Türkiyə və Gürcüstandan, eləcə də Yaxın Şərqdən də çox sayda azarkeş yarışları izləmək üçün Bakıya səfər edir. Bu il maraqlı fakt ondan ibarətdir ki, ilk bilet Avstriyadan alınıb. Ümumilikdə isə artıq 100-dən çox xarici ölkəyə bilet satılıb ki, bu da yarışın qlobal miqyasda necə böyük diqqət topladığını göstərir».