2-ci ən böyük amerikan avtomobil istehsalçısı, dünya bazarında isə ilk 5-likdə qərarlaşan Ford Motors bu ilin aprel-iyun ayları ərzində 764 min ədəd avtomobil satıb.
“Ford” benzin mühərrikli avtomobillərin istehsalından tamamilə - İmtina Edəcək
FED.az şirkətin rüblük hesabatına istinadla xəbər verir ki, Fordun gəlirləri 26,8 milyard dollar təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% artım deməkdir.
Gəlirlərin böyük hissəsi - 15 milyard dollar Şimali Amerikadakı satışlardan əldə olunub. İlin birinci yarısında Fordun qlobal avtomobil bazarındakı payı 5,1% təşkil edib. Çip böhranı səbəbindən şirkət 700 min avtomobilin istehsalını təxirə salmalı olub. Xalis mənfəət isə ötən ilki göstərici (1,12 milyard dollar) ilə müqayisədə azalıb - 553 milyon dollar.
Ford rüb ərzində bir sıra maraqlı yeniliklər də edib:
Mustang Mach modelinin elektrikli versiyası - Mustang Mach-E artıq ABŞ-da ikinci ən çox satılan elektrikli idman avtomobilinə çevrilib;
F-150 Lightning elektromobili yenicə - may ayında təqdim olunsa da, artıq 120 min ilkin sifariş alıb;
Fordun 5 nəfərlik yeni pikapı Maverick-in və il sonunda istifadəyə verəcəyi sürücüsüz avtomobilinin ilkin təqdimatı olub.(marja)