2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım davam edib. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev elektromobillər bazarı ilə bağlı hesabatlara əsasən bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə dünyada əvvəlki ilə nisbətən bu avtomobillər 70%-ə yaxın artmışdı.
Sürətli artım 2018-ci ildə də davam edib və 2017 ilə müqayisədə təxminən 70%-lik artım qeydə alınıb. Ümumi satışın həcmi isə 1,9 mln. ədədə yaxın olub (2017-də 1,3 mln. ədəd satış olmuşdu).
«Elektromobil inqilabı artıq sərhədlərimizə çatıb»-deyən ekspertin sözlərinə görə, Rusiyada 2018-ci ildə elektromobil satışı 72% artıb. «Ən son məlumata görə, hazırda ABŞ və Kanadada istifadəyə verilmiş 1 elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür, Rusiyada bu göstərici 6 ədəddir».
Başqa maraqlı məlumat odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb. Halbuki 1-2 il əvvələ qədər bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı: «Bu o deməkdir ki, bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobillər hesabına baş verəcək və nəticədə yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3%-dən ən azı 15-20%-ə çatması mümkün olacaq».
Daha bir ümidverici proqnoz odur ki, artıq 2025-ci ildə elektromobillərin qiyməti ənənəvi avtomobillərdən ucuz olacaq.
«Nəzərə alsaq ki, neft istehlakının az qala yarısı avtomobil sənayesi ilə bağlıdır, neftə qlobal tələbatı da bu bazarda baş verənlər əhəmiyyətli dərəcədə həll edəcək»-deyə ekspert bildirib.
Eləcə də bax: Azərbaycanda velosiped zolaqları və duracaqları yaradılacaq