Bir müddət öncə Dövlət Yol Polisi İdarəsinin yeni nəsil qeydiyyat şəhadətnaməsini istifadəyə verməsi və həmin vəsiqədə yerləşdirilən çip vasitəsilə avtomobilə aid bütün məlumatların qeyd edilməsi ictimai maraq cəlb edib və müzakirələrə səbəb olub.
Eləcə də bax: Avtomobilə vinil çəkdirmək qadağandır? – AÇIQLAMA
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib ki, Azərbaycanın indiki inkişaf səviyyəsinə, inkişaf etmiş ölkələrin, bəzi qonşu ölkələrin təcrübəsinə baxsaq görərik ki, artıq bu tip vəsiqələri də arxivlərə vermək olardı: “Həmin ölkələrdə kağız formada vəsiqələrdən imtina olunur, onları üzərində gəzdirmək məcburi deyil, rəqəmsal vəsiqələrə üstünlük verilir.
BDYP indiki halda texpasportun ölçüsünü kiçiltməklə onun daşınmasını asanlaşdırmaq prinsipini əsas götürüb. Halbuki, indiki zamanda prinsip olaraq onun daşınmasından imtinanın, rəqəmsal vəsiqəyə keçidin əsas götürülməsi məntiqli, innovativ və daha effektiv olardı.
Təəssüf ki, cari ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik kifayət qədər mücərrəd formada qəbul edilib və sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni üzərində gəzdirməli olmasına dair tələbi ləğv etməyib.
Düşünürəm ki, həm qanunvericilikdə və həm də İXM-də adı çəkilən müddəaları ləğv etmək, sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni rəqəmsallaşdıraraq onun mütləq olaraq üzərində gəzdirməsi tələbini aradan qaldırmaq doğru olardı”.
O.Gündüz qeyd edib ki, artıq bütün DYP maşınları bort-kompüterlə təmin edilib: “Onlar real rejimdə uyğun informasiya sistemlərinə bağlana bilir və onların sürücünün şəxsiyyət vəsiqəsi əsasında onu və avtomobili eyniləşdirmək, nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququnu müəyyən etmək imkanları var.
İnternetin olmadığı ərazilərdə də polis öz daxili rabitəsi əsasında bunları müəyyən edə bilir. Düşünürəm ki, yalnız xarici vətəndaş olan sürücülər və xarici avtomobillər üçün kağız formatında tələb etmək məntiqli olardı.
Ölkədə rəqəmsallaşmanın inkişaf etdiyi indiki zamanda sürücüdən kağız formada sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni tələb etmək, olmadıqda maşını cərimə meydançasına aparmaq yolverilməzdir”.