“Gələn ildən Azərbaycanda avtomobil alqı-satqısı üzrə ödənişlərin yalnız nağdsız qaydada edilməsinin tətbiqi ilk növbədə uçotun aparılmasını nəzərdə tutur".
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
Eləcə də bax: Hibrid və elektromobil avtomobillər ucuzlaşacaq - EKSPERT
Ekspert qeyd edib ki, avtomobil alqı-satqısında nağdsız ödənişlərin məcburi olması alıcıların xeyrinə olacaq:
“Dövlət bununla ölkədə həyata keçirlən avtomobil alqı-satqısının uçotunu daha konkretləşdirmək istəyir. Eyni zamanda qanuna edilən bu dəyişiklik vətəndaşlara qarşı bəzən baş verən fırıldaqçılıq hallarının qarşısını almağı da nəzərdə tutur. Artıq bir neçə dəfə belə hallar müşahidə edilib ki, vətəndaşlar avtomobil alanda fırıldaqçılıqların qurbanı olub.
Məsələn, etibarnamə verib sonra avtomobili geri istəyirlər, yaxud avtomobilin tam saz vəziyyətdə olduğunu iddia edir, daha sonra isə bu avtomobil nasaz çıxr və bu zaman aldadılmış vətəndaşın iddia qaldırmaq üçün əlində hər hansı əsası olmur. Vətəndaş bu alqı-satqısının qanunla həyata keçirildiyini isbat edə bilmir. Bu səbəbdən də problemlər yaşanır. Düşünürəm ki, avtomobillərin alqı-satqısının nağdsız qaydada həyata keçirilməsinin avtomobil almaq istəyənlər üçün hər hansı zərəri olmayacaq. Bu, ilk növbədə vətəndaşların özünün problemlərdən uzaqlaşdırılması, onların mənafeyinin qorunması üçün həyata keçirilir".
E. Cəfərov bildirib ki, yeni dəyişiklik avtomobil alverçilərinə də zərərli olmayacaq: “Sadəcə onların uçotu daha şəffaf olacaq. Dövlətin vergisi də vaxtında ödəniləcək. Burda artıq kimsə manipulyasiya edə bilməyəcək”.
Qeyd edək ki, gələn ildən ölkədə ixtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Bu məsələ “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.