Yaponiyanın ən böyük avtomobil istehsalçıları olan Honda və Nissan, əməkdaşlıqlarını genişləndirmək və hətta birləşmək imkanlarını müzakirə edir.
Çin şirkətləri "Nissan"ı da çökdürür - ƏLAVƏ PUL TAPMASA 12 AYA BAĞLANACAQ
FED.az xəbər verir ki, iki şirkət birlikdə hər il 7 milyondan çox avtomobil istehsal edir və bu birləşmə onları dünyanın ən böyük avtomobil qrupuna çevirə bilər. Bu qrup, Toyota (11.23 milyon satış) və Volkswagen (9.23 milyon satış) ilə rəqabət apara bilər.
Əsas məqsəd, elektrik avtomobillərinin inkişafına yönələn yüksək maliyyə yatırımları ilə mübarizə aparmaq və bazardakı rəqabət gücünü artırmaqdır. Artıq Honda və Nissan birgə elektrik avtomobilləri hazırlamağa başlayıblar və yaxın günlərdə əməkdaşlıq barədə memorandum imzalanması gözlənilir.
Qeyd edək ki, Honda-nın satışları keçən il 13%, Nissan-ın satışları isə 10%-dən çox azalıb. Rəqəmsal və texnoloji üstünlükləri ilə Çin rəqibləri, xüsusilə BYD qlobal bazarda Yapon istehsalçılarını sıxışdırır. Bu əməkdaşlıq, Yapon istehsalçılarına həm texnologiya sahəsində, həm də qlobal bazarda üstünlük qazandırmaq üçün bir fürsət ola bilər.