Avtovağzala daxil olmadan yol kənarlarından sərnişin mindirən avtobus sürücülərinə nəzarət daha da gücləndiriləcək.
FED.az xəbər verir ki, söhbət xüsusilə rayonlardan paytaxta gələn sərnişin avtobuslarının sürücülərindən gedir. Son illər regionlarda bir çox avtobus sürücüsü avtovağzala daxil olmadan yollarda avtobusu saxlayıb, sərnişin mindirirlər. Bu da həm təhlükəli, həm də sərnişindaşıma qaydalarının pozulması deməkdir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyir ki, belə faktlar var və onlara qarşı xidmətin əməkdaşları yol polisiləri ilə birgə mübarizə aparırlar. Həbib Həsənov daşıyıcı şirkətlərə xəbərdarlıq edir ki, bundan sonra belə faktlarla qarşılaşdıqda həmin xətlər daşıyıcıdan alınacaq.
Eləcə də bax: Azərbaycanda velosiped zolaqları və duracaqları yaradılacaq
Bu arada, paytaxdan başqa iri şəhər və rayonlarda şəhərdaxili xətlərdəki avtobuslar da yenilənəcək. Həbib Həsənovun sözlərinə görə, daşıyıcı şirkərtlər özəl sektor olduğundan onlara avtobusları dəyişmək məsləhət görülüb. Bir sözlə, yaxın gələcəkdə regionlarda şəhərdaxili və rayonlararası köhnə marşurut avtobusları xətlərdən çıxarılaraq, müasir tələblərə cavab verən avtobusların alınması planlaşdırılır.
Nəqliyyat sektorundakı yeniliklərdən biri də həm yük, həm də sərnişindaşıma ilə məşğul olan sürücülərə nəzarət məsələsidir. Qəzaların sayını minumuma endirmək üçün bu cür nəqliyyat vasitələrinin sürücülərinə ''taxoqraf'' cihazı ilə nəzarət ediləcək.
Həbib Həsənov deyir ki, Azərbaycan ''Beynəlxalq Nəqliyyat Forum''una üzv olduğundan yük və sərnişindaşıma ilə məşğul olan avtomobillərə bu ildən etibarən ''taxoqraf'' cihazı quraşdırılacaq. Bunun üçün magistral yolların kənarlarında istirahət guşələri yaradılacaq. Həmin sürücülər magistral yolların kənarlarındakı istrahət məntqələrində dincəldikdən sonra hərəkətlərinə davam edəcəklər.
Qeyd edək ki, həmin məntəqələrdə yük və ya sərnişin daşıyan əcnəbi ölkələrin sürücüləri də istifadə edə biləcəklər.
© xezerxeber.az