Azərbaycanda dizel yanacağının benzinə nisbətən daha çox bahalaşmasının səbəbi dizelin ekologiyaya daha çox zərər vurmasıdır.
FED.az xəbər verir ki, bu barədə Tarif Şurasının bu günkü qərarı ilə bağlı açıqlamasında bildirilir.
Xatırladaq ki, Şuranın qərarı ilə a-92 benzini 10 qəpik bahalaşaraq 90 qəpikdən 1 manata, dizel isə 20 qəpik bahalaşaraq 60 qəpikdən 80 qəpiyə qaldırılıb.
Şuranın açıqlamasında bildirilir ki, «dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb».
Açıqlamada deyilir ki, dizelin qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlara təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. «Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır»-deyə bildirilir.