Bütün dünyada Avropa və ABŞ avtomobillərinin satışının azaldığı bir vaxtda Çin maşınlarının satışında yeni rekordlar qeydə alınır.
FED.az xəbər verir ki, Çinin «Geely» avtomobil şirkəti satışlarını sürətlə artırır. Satışların artımına baxmayaraq şirkətlər qiymətləri artırmır, əksinə, azaltmağa çalışırlar.
Belə ki, Çində qiyməti 13 200 dollara endirilən «Geely Okavango» modelinin satışları rekord qırıb. «Geely Galaxy» modelinin satışları isə illik ifadədə 281% artıb.
İlin əvvəlindən etibarən Çinin bir çox istehsalçıları avtomobillərin qiymətini aşağı salıblar. «Geely» də istisna deyildi, amma bu dəfə şirkət bütün əsas avtomobilərini yenidən ucuzlaşdırıb.
«Geely Automobile Holdings Limited» şirkəti 2025-ci il aprel ayı üzrə əla satış rəqəmlərini elan edib. Təkcə aprel ayında şirkət 234 112 ədəd avtomobil satıb, bu ötən ilin aprelindən 53% artıqdır. Yəni ötən ilin aprelində şirkət 153 min ədəd maşın satmışdısa, bu il satışlar 80 min ədəd artıb. Artıq 8-ci aydır ki, «Geely»nin satışları ayda 200 min ədəddən aşağı düşmür.
Aprel ayında «yeni enerji mənbəyi» (yəni hibrid və elektrik) ilə hərəkət edən maşınların satışı da rekord vurub. «Geely», «Lynk & Co» və «Zeekr» (bunların hamısı «Geely»nin brendləridir) modellərindən apreldə 125 563 ədəd satılıb ki, bu da ötən ilin aprelinə nisbətən 144% artıqdır.
Şirkətin satdığı hər 100 avtomobilin 54-ü yahibrid, ya da tam elektriklidir.
«Geely»nin «Galaxy» modeli ümumiyyətlə rekord vurub – apreldə 96,6 min ədəd satış edib ki. bu da son bir ildə 281% artım deməkdir. Bu modelin yanvardan bəri satışları 356 min ədədi keçib – 230% artım deməkdir.
Azərbaycanda da tanınan «Zeekr» modelinin də satışları artır, amma o biri modellərə nisbətən artım daha zəifdir. Belə ki, apreldə alıcılara bu modeldən 41 min ədəd satılıb, əvvəlki illə müqayisədə 18,7% artım olub. «Lynk & Co» modelindən 28 min ədəd satılıb – artım 47%!
Satışların artımına baxmayaraq «Geely» şirkəti «qiymət müharibəsi»ni davam etdirir və bir neçə gün əvvəl daha bir modelin qiymətini endirdi. «Haoyue L» modelinin (o həm də «Okavango» adı ilə buraılır). Qiyməti Çində 15 900 dollardan 13 200 dollara endirilib. 2 min dollarlıq dövlət subsidiyasını (onu köhnə maşını təhvil verəndə almaq olur) maşının qiyməti ümumiyyətlə 11200 dollara düşür.
«Okavango» modeli Çində 6-7 yerlik variantda satılır. 2 litrlik mühərriki var ki, bu da 218 at gücü deməkdir.