Çin avtomobil istehsalçıları 2025-ci il üzrə satış hədəflərinə çatmaq baxımından çox fərqli nəticələr göstəriblər. Bəzi brendlər gözləntiləri xeyli üstələdiyi halda, digərləri iddialı hədəflərindən xeyli geri qalıb.
"BYD" “Tesla”nı qabaqlamağa hazırlaşır
FED.az biznes və maliyyə xəbərləri portalı “CarNewsChina”a istinadən xəbər verir ki, Çinin ən böyük elektrik avtomobili istehsalçısı “BYD” il ərzində 4 602 436 avtomobil satıb. Bu, şirkətin 5,5 milyonluq hədəfinin 83,68%-i deməkdir. BYD hədəfə tam çatmasa da, Çin avtomobil bazarında satış həcminə görə liderliyini qoruyub.
“Geely Automobile” ötən ili 3 024 567 avtomobil satışı ilə başa vurub və 3 milyonluq illik hədəfini cüzi şəkildə üstələyərək 100,82% icra göstəricisinə nail olub. Qeyd edək ki, şirkət 2025-ci ilin əvvəlində hədəfi 2,71 milyon müəyyən etmiş, ilin ortasında isə artırmışdı. İlkin hədəfə əsasən hesablandıqda, icra səviyyəsi 111,6% təşkil edir.
“Chery Automobile” 2025-ci ildə 2 631 381 avtomobil satıb və 3,26 milyonluq planının 80,72%-inə çatıb.
“Great Wall Motor” ən böyük fərqlə üzləşən şirkət olub. Satılan 1 323 672 avtomobil, 4 milyonluq çox iddialı hədəfin cəmi 33,09%-inə bərabər olub.
Hədəfi aşan şirkətlər arasında “Leapmotor” 596 555 avtomobil sataraq 500 minlik planını xeyli üstələyib və 119,31% icra göstəricisi əldə edib.
“Xpeng Motors” isə 429 445 avtomobil təhvil verərək 350 minlik hədəfi 22,69% üstələyib.
İlk tam istehsal ilini yaşayan “Xiaomi Auto” 400 mindən çox avtomobil satıb. Bu göstərici 350 minlik planın üzərindədir və icra səviyyəsi 114,29%-dən çoxdur. Şirkət dekabr ayında satışların 50 mindən artıq olduğunu açıqlasa da, dəqiq rəqəmlər paylaşılmayıb.
Aşağı nəticə göstərənlər sırasında “HIMA” 589 107 avtomobil sataraq 1 milyonluq hədəfin yalnız 58,91%-inə çatıb.
“Li Auto” isə 406 343 avtomobil satışı ilə 640 minlik planının 63,49%-ini icra edib.
“Nio” isə ili güclü tamamlayıb. Dekabr ayında 48 135 avtomobil satışı qeydə alınıb ki, bu da əvvəlki aya nisbətən 32,70% artım deməkdir. Beləliklə, şirkətin illik satışı 326 028 avtomobilə çatıb və 440 minlik hədəfin 74,10%-i yerinə yetirilib.
Aşağıdakı cədvəldə 2025-ci il ərzində Çin avtomobil istehsalçılarının illik satış sayı, hədəfləri və qarşıya qoyulan hədəflərin tamamlanma faizləri göstərilib:










