Çinin və dünyanın ən böyük avtomobil istehsalçılarından olan BYD-nin istehsalında son 17 ayda ilk dəfə azalma qeydə alınıb.
FED.az xəbər verir ki, 2025-ci ilin iyul ayında avtomobillərin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% aşağı düşüb.
Bununla da BYD-nin tarixində ilk dəfə olaraq fasiləsiz 16 aylıq artım dövrü başa çatıb. Sözügedən dövr BYD-ni təkcə Çinin deyil, ümumiyyətlə, bütün dünyanın ən böyük elektrik avtomobilləri istehsalçısı sırasına çatdırıb.
Honkonq Fond Birjasının təqdim etdiyi aylıq hesabata əsasən, iyul ayında BYD şirkəti bütün dünya üzrə 317 892 elektromobil və plagin hibrid maşını istehsal edib. Doğrudur, bu dövrdə şirkətin satışları artmaqda davam edib, 344 296 maşina çatıb, amma satışlar cəmi 0,6% artıb ki, bu da iyun ayındakı artımla müqayisədə dəfələrlə aşağıdır.
İyul ayında BYD-nin elektromobillərinin satışı və istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə artmaqda davam edib, amma plagin-hibrid maşınların istehsalı 22,6%, satışı isə 24,6% azalıb.
Qeyd edək ki, BYD-nin istehsalının azalması buna qədər 2024-cü ilin fevralında baş vermişdi. Bu da Çində qeyd edilən Ay Yeni il bayramı ilə bağlı idi.
BYD şirkəti məşhur biznesmen İlon Maska məxsus olan «Tesla» şirkətinin ən böyük rəqibidir. 2024-cü ildə BYD-nin elektromobillərinin satışları 41% artaraq 4 milyonu keçib və bununla da «BYD» satış həcminə görə «Tesla»nu keçə bilib.
Amma son aylar qiymət müharibələri və böyük endirimlər fonunda «BYD» vəsaitə qənaət etmək üçün istehsal sürətini azaltmalı, Çindəki bəzi zavodlarda növbələri ixtisar etməli və yeni modellərin buraxılışını dayandırmalı olub.