CNBC yazır ki, illik ifadədə “Tesla”nın elektromobil tədarükü 8,6% azalaraq 2024-cü ildəki 1,79 milyon avtomobildən 2025-ci ildə 1,64 milyon avtomobilə düşüb.
Gələn il “Tesla” üçün ən çətin dövr olacaq
FED.az xəbər verir ki, 2025-ci ilin dördüncü rübündə “Tesla” 418 min avtomobil tədarük edib ki, bu da bir il əvvəlki göstəricidən 16% azdır. Eyni zamanda, Çinin BYD şirkətinin satışları illik müqayisədə 28% artaraq 2,26 milyon elektromobil təşkil edib.
“Bloomberg”in qeyd etdiyinə görə, Amerika şirkəti artan rəqabət, ABŞ-də elektromobil alışına verilən subsidiyaların ləğvi və “Tesla”nın baş icraçı direktoru İlon Maskın siyasi fəaliyyəti ilə bağlı bəzi alıcıların mənfi reaksiyası fonunda təzyiq altındadır. Bundan əlavə, şirkətdə “həqiqətən yeni və əlçatan” model çatışmazlığı var.
Bununla belə, 2025-ci ilin üçüncü rübündə “Tesla” üçün satışlar rekord səviyyəyə çatıb. 30 sentyabr 2025-ci ildə ABŞ-də elektromobil alınmasına görə 7 500 ABŞ dolları məbləğində federal vergi güzəşti qüvvədən düşüb. Bu, bəzi amerikalı istehlakçıların dəstək tədbirlərindən yararlanmağa tələsməsi səbəbindən “Tesla” satışlarını stimullaşdırıb.
Buna baxmayaraq, eyni dövrdə BYD-nin rüblük satışları “Tesla”nın göstəricilərini 17% üstələyib: BYD 582,5 min elektromobil satdığı halda, “Tesla”nın satışları 497,1 min ədəd təşkil edib.
2025-ci ilin oktyabrında “Tesla”nın səhmdarları strateji hədəflərə nail olunacağı təqdirdə İlon Maska 1 trilyon ABŞ dolları məbləğində mükafat ödənilməsini təsdiqləyiblər. Kompensasiya paketini şirkətin direktorlar şurası irəli sürüb: şura üzvləri xəbərdarlıq ediblər ki, əgər səhmdarlar Mask üçün ödənişləri təsdiqləməsələr, o, şirkəti tərk edə bilər və bu halda şirkət “dəyərinin əhəmiyyətli hissəsini” itirəcək. (Banker)










