«Bolt» şirkəti aprelin 10-da Bakıda «Bolt» taksi avtomobilinin törətdiyi qalmaqallı qəza ilə bağlı açıqlama yayıb.
FED.az xəbər verir ki, şirkət qəza törədən avtomobilin qeydiyyatsız olduğunu, daha dəqiqi, qeydiyyatının 2 gün əvvəl ləğv edildiyi bəyan edərək, həmin avtomobilin xəttə buraxılmasına görə məsuliyyəti taksi şirkətinin üzərinə qoyub.
Şirkətin açıqlamasında bildirilir ki, qaydalara görə, «Bolt» tətbiqindən xidmət göstərmək üçün sürücü tərəfdaşlar tətbiq vasitəsilə qeydiyyatdan keçir.
Qeydiyyat zamanı sürücüdən dövlət tərəfindən təyin olunan tələblərə əsasən sənədlərin yüklənməsi tələb olunur. Sənədlərin yoxlanılıb, təsdiqindən sonra tərəfdaş sürücüyə sürücü hesabı açılır və həmən şəxs fəaliyyətə başlayır.
Bu proses sahibkarlar tərəfindən qurulan və işlədilən avtoparklarda fəaliyyət göstərən sürücülərin qeydiyyatı üçün də eynidir.
«10 aprel tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü tərəfindən saat 12:59-da sifariş qəbul olunmuş və saat 13:11-də sərnişin göstərilən ünvandan götürülmüşdür. Qeyd edək ki, qeydiyyatdan keçmiş sürücü 10 aprel tarixində, qəza baş verməzdən əvvəl saat 10:18-də şəxsiyyətin yoxlanılması və təsdiqlənməsi mərhələsindən keçmişdir».
Bununla yanaşı, qəzadan sonra məlum olub ki, əslində sürücünün həmin gün taksi avtomobili idarə etmək hüququ olmayıb, çünki onun müvafiq sertifikatı olmayıb. Eyni zamanda qəzanın törədildiyi avtomobil də qeydiyyatdan çıxarılmış olub:
«Aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, qəzanı törədən avtomobilin buraxılış kartı 8 aprel tarixində müvafiq dövlət qurumu tərəfindən ləğv edilmişdir. Adətən bu kimi hallarda avtomobilin «Bolt» platformasında fəaliyyətinin dayandırılması bloklanma prosesi əsasında qısa müddət ərzində həyata keçirilir. «Bolt» şirkəti buraxılış kartlarının səhihliyini və mövcudluğunu müvafiq dövlət qurumunun məlumatları əsasında mütəmadi yoxlayır və buraxılış kartı olmayan avtomobillərin fəaliyyətini ən qısa müddətdə (1 gün ərzində) bloklayır».
«Lakin 10 aprel tarixində taksi parkı tərəfindən bu avtomobil və müvafiq icazələri, o cümlədən sertifikatı olmayan sürücü daşımalara cəlb edilmişdir. Bu cür hallar yolverilməzdir və qanunvericiliyin pozulması kimi qiymətləndirilir»-deyə açıqlamada bildirilir.
Şirkət bildirir ki, sərnişin və sürücünün təhlükəsizliyini diqqətdə saxlamaq üçün 2023-cü ildən Bolt tərifindən Sürücünün uyğunluğu funksiyası (Driver verification) işə salınıb, 2024-cü ilin sonundan isə Avtomobilin eyniliyinin yoxlanılması və təsdiqi funksiyası (car verification) icra edilir.
Bu funksiya, sürücü saxtakarlığının qarşısını almağa və ümumi təhlükəsizliyi gücləndirməyə yönəlib. Qeydiyyat zamanı sürücüdən selfi çəkməsi tələb olunur və təsdiqlənmədiyi halda tətbiqdən istifadə mümkün olmur. Selfi əvvəlcə süni intellekt tərəfindən yoxlanır, əgər təsdiqlənməzsə, canlı operator tərəfindən qiymətləndirilir.
Bununla yanaşı, şirkət açıqlamayıb ki, bu funksiya sertifikatsız sürücünün xəttə buraxılmasının qarşısını nə üçün almayıb.
«Hazırda istintaq davam edir və aidiyyəti qurumların müraciəti əsasında tələb olunan məlumat və dəstək Bolt tərəfindən təqdim olunur»-deyə «Bolt»un açıqlamasında bildirilir.