Bu gün “Bolt Food” yemək çatdırılma xidmətinin kuryerləri daşıma qiymətlərinin aşağı salınmasına etiraz olaraq aksiya keçiriblər.
Eləcə də bax: “Wolt”un kuryerləri kütləvi etiraz etdi - AÇIQLAMA
FED.az xəbər verir ki, şirkətin ofisi qarşısına toplaşan etirazçılar çatdırdıqları hər sifarişin qiymətinin 1.10 - 1.20 manatdan hesablanmasından narazıdırlar: “Hər 100 ədəd sifarişə görə 350-360 manat pul alırıq. Bu, kifayət qədər təhlükəli olan çatdırılma işi üçün çox kiçik məbləğdir. İstərdik ki, 100 ədəd sifarişin qiyməti ən azı 500 manat olsun. Digər tərəfdən, bizdən 50 AZN məbləğində rüşvət tələb olunur. Kuryerlər balansı 50 AZN etsələr də, onları bloklayırlar. Bizi qıcıqlandırırlar ki, etiraz edək”.
Kuryerlər rəhbərliyin onları dinləyib problemləri ilə maraqlanmadığını deyir: “Rəhbərliklə görüşə bilmirik. Deyirlər ki, rəhbərlik burada deyil, Finlandiyada yerləşir. Amma bizi bloklaya bilirlər, bizdən qanunsuz olaraq 50 AZN tələb edə bilirlər. Biz gördüyümüz işin qarşılığını istəyirik. İstəyirik əvvəlki kimi hər sifariş 2.5-3 manat olsun”.
Kuryerlərin şikayətləri ilə bağlı “Bolt” şirkətinin media ilə əlaqələr şöbəsinə sorğu göndərsək də, hələ ki, cavab almamışıq.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda “Wolt” şirkətində kuryer işləyən 100-dən çox şəxs işə çıxmayaraq etiraz etmişdi. Onlar maaş artımı tələbi ilə şirkətin mobil proqramını dondurmuşdular. Həmin şəxslər nəqliyyat vasitələrinin üstünə “Qiymətlər qalxmasa, işləməyəcəyik” şüarları yapışdırmışlar. (Qafqazinfo)