Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi tariflərinə də təsir edə bilər.
Azərbaycanda benzin və dizel bahalaşdı - YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, mütəxəssislər hesab edir ki, ümumi olaraq yanacaq qiymətində dəyişiklik əksər sahələrdə qiymətlərə paralel artım təsiri göstərir. Yanacağın qiymətində dəyişiklik az olsa da, təsir edəcəyi sahələrdə də qiymət artımı qaçılmazdır.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki: "Yanacağın qiymətinin artması əvvəllər olduğu kimi, indi də bütün sahələrə öz təsirini göstərəcək. Düzdür bu artım çox gcüzidir, yəni benzində 1 litr üçün 5 qəpik, dizeldə isə 10 qəpik təşkil edir. Amma yenə də bu yanacaqdan istifadə edən həm istehlakçıların, həm də istehsalçıların həyatına az da olsa təsir edəcək".
Ekspert bildirib ki, yanacaq qiymətindəki artım daşıyı şirkətlərdəki gediş haqqı qiymətinə bir başa təsir edəcək. Lakin, qiymət artımı ilk olaraq taksilərdə müşahidə oluna bilər ki, bunun da əsasən səbəbi taksi xidmətinin özəl daşıyıcı şirkətlər tərəfindən göstərilməsidir.
"Burada əsas məsələ, yanacaqdan kimi istifadə etməsidir, məsələn taksilər, daşıyıcılar və sair. Yəqin ki, onların da qiymətinə müəyyən dərəcədə təsir göstərəcək və onlar da az da olsa qiymət artımına gedəcəklər. Elektrikli və hibrid maşınlardan başqa, digər avtomobillərdə qiymət artımının olması. Yəni gediş haqqının artması yəqin ki, qaçılmaz olacaq".
Məsələ ilə əlaqədar taksi şirkətləri ilə əlaqə saxladıq. “Bolt” daşıyıcı şirkətindən bildirildi ki, artımla bağlı hazırda dəqiq qərar və ya məlumat yoxdur. "Uber"dən isə müvafiq təhlillər aparıldıqdan sonra tariflərdə qiymət artımının olub olmayacağı ilə bağlı qərar veriləcək,- deyə qeyd olundu.










