Ötən ay Bakının avtomobil bazarında aprel ayına nisbətən xeyli aktivlik müşahidə edilib, ikinci əl avtomobillər təqribən 5 % bahalaşıb.
Vüqar Bayramov: "Utilizasiya haqqının alınması avtomobil qiymətlərinin artımına səbəb olacaq"
FED.az xəbər verir ki, bunu avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
“Yeni avtomobillərin satışında isə bahalaşma olmayıb. Buna baxmayaraq, iyul-avqust aylarında yeni avtomobillərin qiymətinin 3 % civarında yüksələcəyi gözlənilir. May ayında paytaxtın avtomobil bazarında ənənəvi Avropa, Yaponiya, Cənubi Koreya, Amerika istehsalı olan avtomobillərlə yanaşı Çin avtomobillərinin də artdığı nəzərə çarpıb”, - E. Cəfərov bildirib.
Ekspertin sözlərinə görə, sovet dövründə istehsal edilmiş Rusiya avtomobillərinin bazarda payı azalıb:
“Eyni zamanda müasir Rusiya avtomobillərinin satışı zəifləyib. İkinci əl avtomobil bazarında daha çox qənaətçil və dözümli avotmobillərə üstünlük verilib. Yeni avtomobillər sırasında isə krossoverlər və hibrid avtomobillər daha çox satılıb. Bazarda elektromobillərə də tələb var, amma çox deyil. Hələ də bu avtomobillər üçün elektrik doldurma məntəqələrinin sayının az olması vətəndaşlarımızı onları almaqdan bir qədər çəkindirir. Amma bu proses müvəqqətidir. İlin sonuna qədər ölkədə elektrik doldurma məntəqələrinin sayı xeyli artacaq. Nəticədə 2024-cü ilin əvvəllərindən Bakıda elektromobillərə tələbat artacaq”.
E. Cəfərov əlavə edib ki, ötən ay kreditlə satılan avtomobillərin də bazar payı bir qədər artıb: "İkinci əl avtomobil bazarında əsas tələb əvvəlki aylarda olduğu kimi yenə də mühərrik həcmi 1 500 kub santimetr olan avtomobillərə olub. Yeni avtomobillərdən isə mühərrik həcmi 3 min kub santimetrə qədər olanlar daha çox satılıb. İri həcmli mühərriki olan avtomobillərə isə tələb bir qədər azalıb”.
Paytaxtda ikinci əl avtomobillərin satışı ilə məşğul olan şəxslər bildirir ki, bazarda əsas üstünlük “Mercedes”, “Hyundai”, Toyota” kimi avtomobil modellərinə verilib. Avtomobil bazarında mühərrikin gücü, yürüş məsafəsi, texniki vəziyyəti və digər amillərə görə bir sıra avtomobillərin qiyməti aşağıdakı aralıqda dəyişir:
“Mercedes C-class” (2007-2008-ci il) - 14 500 -24 000 manat
“Mercedes GL-class” (2006-2007-ci il) - 20 000-33 000 manat
“Mercedes GL-class” (2015-ci il) - 60 000 – 93 500 manat
“Nissan Kicks” (2019-2021-ci il) 30 000 - 35 000 manat
“Nissan Sunny” (2010-2011-ci il) - 8 500 - 16 500 manat
“Hyundai Sonata” (2008-2009-cu il) - 12 500 - 41 000 manat
“Hyundai Santa Fe” (2021-ci il) – 68 500 - 76 500 manat
“Hyundai Santa Fe” (2014-2015-ci il) - 29 500 - 44 500 manat
“Hyundai Accent” (2021) – 27 500 - 36 000 manat
“Hyundai Accent” (2010-2011-ci il) – 13 500 – 20 000 manat
“Toyota Camry” (2014-2015-ci il) - 24 500 - 46 000 manat
“Toyota Camry” (2021-ci il) - 50 500 - 76 500 manat
“Opel Astra” (2006-2007-ci il) – 7 500 - 17 000 manat
“Chevrolet Cruze” (2012-2013-cü il) - 8 000 - 21 500 manat. (Report)