Avtomobil Yolları Dövlət Agentliyi bir-neçə avtomobil yoluna çıxışı təmin etmək (Bakı-Sumqayıt, Binəqədi-Novxanı, Mehdiabad-Fatmayı-Goradil, Zabrat-Maştağa) və bu yollar üzərində yerləşən qəsəbələrə gediş-gəlişi rahatlaşdırmaq baxımından xüsusi əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulmasını başa çatdırmağa hazırlaşır. FEDaz xəbər verir ki, 2 hərəkət zolaqlı olan yolun uzunluğu 19.5 kilometr, eni isə 8-10 metrdir.
Eləcə də bax: Məşhur restoran satışa çıxarıldı – QİYMƏT
Layihə çərçivəsində yolun Balaxanı qəsəbəsindən başlayaraq Binəqədi qəsəbəsinədək olan təqribən 15 kilometrlik hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun Binəqədi qəsəbəsindən Xırdalan dairəsinədək olan hissəsi asfaltlanır. Agentlik əmin edir ki, yola 12 santimetr qalınlığında asfalt döşənir.
Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 metr enində yeni piyada səkiləri inşa olunub.
Tikinti işləri yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə 100 ədəd yağış sularının kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, 150 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması həm yolboyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişindaşımasını asanlaşdıracaq. Həmçinin bu yolun yenidən qurulması paytaxtın şimal girişində yaşanan sıxlığın azalmasına müsbət təsir etmiş olacaq. Çünki bir neçə əsas yollarla kəsişən bu yol 20 Yanvar dairəsi istiqamətindən şəhərə daxil olmadan bir-çox qəsəbələrə çıxışa imkan verəcək.