Apardığımız araşdırmaya görə, tyuninq xidmətlər üçün müraciətlərin sayında kəskin azalma müşahidə olunur.
FED.az olaraq tuninq xidmətləri ilə məşğul olan servislərlə əlaqə saxlayıb hazırki ümumi vəziyyətlərini, qiymətlərini və qarşılaşdıqları problemlərini öyrəndik.
Tyuninqin qiyməti 500 manatdan 20 min manata qədər dəyişir – “Lada Tuning”
Bu servisin dizayneri Malik Bəybalayev deyir ki, əvvəlki illərlə müqayisədə müştəri sayında ciddi azalma var:
“Qiymətləri qaldırmamışıq. Buna baxmayaraq əvvəl bir günə 4 maşın gəlirdisə, indi 1 maşın gəlir. Elə vaxt olur ki, 10-15 gün müştərimiz olmur, işsiz qalırıq. Bizə demək olar ki, avtomobillərin bütün növləri üçün müraciət olunur, amma ən çox “Niva”nın tyuninqi üçün müraciət edirlər. Müştərilərimizin çoxu “Niva” avtomobilinin sahibidr.”
Servis dizaynerinin sözlərinə görə, bir avtomobilin tyuninq qiyməti 500 manatdan 20 min manata qədər dəyişə bilir. Bu xidmətə avtomobilin həm daxili, həm də xarici tyuninqi ilə bağlı eyni dərəcədə müraciət olunur.
Daha çox “Niva” üçün müraciət edirlər – “Z&Z Tuning Service”
Bakının Yeni Suraxanı ərazisində yerləşən “Z&Z Tuning Service”in sahibi Emin Dadaşov qeyd edib ki,müştərilər üzrə müraciətlərdə ötən il ilə müqayisədə hər hansı bir artım və ya azalma müşahidə olunmur:
“Avadanlıqları dollarla aldığımız üçün bu valyutanın kursundakı dəyişiklik işimizə bir az çətinlik yaradır. Amma müştərilərimiz azalmayıb. Əvvəlki il necə idisə indi də o qədərdir. Həmişəki kimi, tyuninq xidmətinə imkanı olan müştərilər müraciət edir.
Tuninq xidməti ilə bağlı ən çox “Niva” və Cənubi Koreya istehsalı olan avtomobilləri üçün müraciət olunur. Bəzi hallarda alman maşınları və ya Toyota, Leksus üçün də müraciət edirlər.”
Servis sahibinin bildirib ki, onlarda qiymətlər 500 manatdan 10 min manata qədərdir və ən çox salon tyuninqi ilə bağlı müraciət edilir.
Tyuninq xidmətlərində Çin məhsullarından istifadə edənlər bazarı öldürür – “Diamond Tuning”
Servisin rəhbəri Elnur Namazov deyir ki, müştəri sayında ciddi azalma müşahidə olunur və bu tendensiya get-gedə artır:
“Xüsusilə bu il müştəri sayında ciddi azalma var. Bunu yaradan amillər yalnız dolların dəyərinin yüksəlməsi və iqtisadi vəziyyətin gərginləşməsi deyil. Müştərilərdə də qərarsızlıq var. Çünki Çin istehsalsalı olan məhsullarla tyuninq xidməti göstərən servislər bazarı öldürürlər. Biz keyfiyyətli məhsullarla tyuninq xidməti göstəririk, onlar isə ucuz və davamsız məhsullarla. Bununla bağlı olaraq da bizim qiymət normaldır, amma onların qiyməti qat-qat aşağı. Bu da müştərini çaşdırır. Nəticədə bazar ölür, xeyir azalır.”
Servis rəhbəri deyir ki, Rusiya istehslı olan avtomobillər çox keyfiyyətsiz olduğu üçün onları tyuninq eləməyin mənası yoxdur. Dediyinə görə, daha çox Mersedes, BMW, Toyota və Leksus markalı avtomobillərin tyuninqi üçün müraciət olunur. Qiymətlər isə 200 manatdan 15 min manata qədərdir.
“Tuning & Service”: “Telefon xidməti borcuna görə söndürülüb”
Kazım Kazımzadə küçəsində yerləşən “Tuning & Service” xidmətinin şəhər nömrəsi ilə telefon bağlantısı yaratmağa çalışdıq. Ümumi iqtisadi vəziyyətləri ilə bağlı sualımızı verməmiş cavab aldıq:
“Hörmətli abunəçi, təəssüf ki, zəng etdiyiniz nömrə telefon xidməti borcuna görə söndürülüb”.
Bakıda tyuninq servislərinin bazarı ölüb – ARAŞDIRMA
17:57
23 Noy 2017