Bakıda “Kitayski Prado” ötən həftədən etibarən satışa çıxarılıb. Söhbət “Toyota Prado”nun oxşarı olan Çin maşını “Haval H9”dan gedir. Bu barədə Fins.az-a avtomobillərin rəsmi təmsilçisi “Haval Azərbaycan”dan bildirilib.
“Haval H9” bəzi yeniliklərlə sələfini üstələyir. Belə ki, yeni “Haval H9”un 2.0 turbo mühərrikinin gücü 218 at gücündən 252 at gücünə qədər artırılıb. Bununla bərabər modelin qarışıq yanacaq sərfiyatı 12,1 litrdən 11 litrə qədər azaldılıb. 6ZF avtomat sürət qutusu 8 ZF sürət qutusu ilə əvəzlənib. Avtomobilin dizel versiyası isə 2.0 l mühərriklə 190 at gücü hasil edir.
Avtomobilin idarəetmə paneli dəyişib və iri monitor əlavə edilib. Ön oturacaqlara isitmə, soyutma və masaj sistemi əlavə edilib. Avtomobilin ön bamperləri yeni görmək alıb, elektron yastıqlar əlavə edilib.
Avtomobilin kuzovunun “Toyota Prado” ilə oxşar olmasına gəlincə, “Haval Azərbaycan”dan Fins.az-a bildirilib ki, avtomobillərin ölçüləri fərqlidir. “Haval H9” “Toyota Prado”dan 4 sm enli, 6 sm hündür və 8 sm uzundur. Şirkətdən bildiriblər ki, “Haval H9” “Prado”dan daha çox “Lexus 460” modelinə daha yaxındır:“Yalnız fərq ondadır ki, “Haval H9” daha kiçik, 2.0 l mühərriklə təhciz edilib”.
“Haval Azərbaycan” “Kitayski Prado” orijinal “Prado”dan ucuz olduğunu da deyiblər. Belə ki, “Haval H9”un benzin mühərrikli versiyası 63900 manat, dizel mühərrikli versiyası isə 65900 manata təklif edilir. Hazırda yeni “Toyota LC Prado”nun qiyməti isə 100 min manatdan aşağı deyil.