Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyət göstərir. Əvvəlcədən görülən tədbirlər nəticəsində gecə saatlarından hazırki, vaxtadək şəhər nəqliyyatında hər hansı problem müşahidə edilməyib.
Bakı Nəqliyyat Agentliyindən FED.az-a verilən məlumata görə, yanvarın 17-si səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxarılması təmin edilib. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.
Gecə saatlarından şəhər yollarında svetoforların fəaliyyətində problem müşahidə olunmayıb. Ola biləcək bu kimi halların vaxtında aradan qaldırılması üçün texniki personal hazır vəziyyətə gətirilib.
Məlumat üçün bildiririk ki, hazırda müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat həcmində endirilib. Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub.
Bakı Nəqliyyat Agentliyi sürüclərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.
Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.