“Khazar” avtomobil brendinin sahibi, istehsalçısı “Azərmaş” ASC 2019-cu il üzrə maliyyə hesabatını təqdim edib.
FED.az xəbər verir ki, 2019-cu ildə şirkət 192 min manat gəlir əldə edib ki, gəlirlər 2018-ci illə müqayisədə 5,9 dəfə artıb. Şirkətin xərclər çıxıldıqdan sonra ümumi mənfəəti 191 min manat olub.
Bununla belə, ASC 182 min manat inzibat, 4,3 min manat digər xərclər çəkib – nəticədə 1 026 manat xalis mənfəətlə başa vurub.
Bununla da bölüşdürülməmiş mənfəət 4 min manat üzərində təşkil edib.
Şirkətin cəmi aktivləri 8 milyon 392 min manat (92% və ya 4 milyon 35 min manat artım) olub. Buna səbəb şirkətin pul vəsaitlərinin həcminin 15,5 dəfə artmasıdır. Belə ki, pul vəsaitləri 2018-ci ildə 357 min manat, 2019-cu ildə 5 milyon 552 min manat olub.
Şirkətin sair debitor borclarında isə azalma olub. Sair debitor borclar 2018-ci illə müqayisədə 29% və ya 1 milyon 160 manat azalaraq 2019-cu ildə 2 milyon 840 min manat olub. Qeyd edək ki, bu göstərici 2018-də 4 milyon manat olub.
“Azərmaş”ın cəmi kapitalı 8 milyon 14 min manat (2 dəfə və ya 4 milyon 14 min manat artım) olub. Artım 4 milyon 14 milyon bölüşdürülməmiş mənfəət hesabına olub.
Şirkətin cəmi öhdəlikləri 378 min manat (6% və ya 21,4 min manat artım) olub.
Qeyd edək ki, “Azərmaş” 2017-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilib, 4 min manat nizamnamə kapitalı var.
“Azərmaş”ın bu audit hesabatını “Zaman Audit” MMC aparıb.