FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - noyabr aylarında (11 ayda) Azərbaycanda 2072 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar - noyabr ayları ilə müqayisədə minik avtomobili istehsalı 2,6 dəfə artıb.
Eləcə də bax: Azərbaycanda avtomobil istehsalı - ARTIB
ARDICIL 5 AYDIR HƏR AY 192 ƏDƏD AVTOMOBİL İSTEHSAL EDİLİR
2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında 186 ədəd, İyul ayında 192 ədəd, Avqust ayında 192 ədəd, Sentyabr ayında 192 ədəd, Oktyabr ayında 192 ədəd, Noyabr ayında da 192 ədəd minik avtomobili istehsal edilib.
ANBARDAKI AVTOMOBİLLƏRİN SAYI ARTIB
01.12.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 422 ədəd təşkil edib. 01.11.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 367 ədəd təşkil etmişdi.
Xatırladaq ki, ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı.
"2019-cu ildə “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur",- Fevral ayında "Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında demişdi. İlin qalan 1 ayı ərzində 1000 ədəd minik avtomobilinin istehsal ediləcəyi inandırıcı görünmür.
Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri (NAZLifan) yığır.
TRAKTOR İSTEHSALI TƏNƏZZÜLDƏDİR
Həmçinin, 2019-cu ilin yanvar- noyabr dövründə ölkəmizdə 901 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə traktor istehsalı 26,4% azalıb. 10 ayda ölkəmizdə cəmi 899 traktor istehsal edilmişdi. Noyabrda cəmi 2 traktor yığılıb.
01.12.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 323 ədəd traktor təşkil edib.
Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.