Azərbaycanın avtomobil şinləri bazarına yeni oyunçu daxil olub və bu yenilik bütün bazara təsirini göstərə bilər. Ölkədə avtomobil şinləri və aksessuarlarının satışı üzrə ixtisaslaşmış «Təkərstore» şirkəti digər yerli şirkətə satılıb.
Bu barədə FED.az-a şirkətin təsisçisi və rəhbəri Vüsal Cəfərov bildirib. Onun sözlərinə görə, «Təkərstore» şirkəti «Optimal Elektronika» şirkətinə satılıb.
Xatırladaq ki, 2017-ci ildə yaradılan «Təkərstore» şirkəti tanınmış markaların istehsal olan avtomobil şinlərinin ölkədə satışı ilə məşğuldur. «Optimal Elektronika» isə Azərbaycanda məişət texnikası və avadanlıqları, mebellər, elektonika məhsullarının satışı işə məşğul olan ən böyük şəbəkələrdən biridir. Yeri gəlmişkən, şirkət son iki ili (2020-2021) zərərlə başa vurub.
FED.az-ın məlumatına görə, əldə edilən razılaşmaya əsasən «Optimal Elektronika» şirkətin «Təkərstore»nin 80%-ni sahib olacaq. 20% isə «Təkərstore»nin təsisçilərində qalacaq. V.Cəfərov FED.az-a bildirib ki, alqı-satqı nəticəsində «Təkərstore» şirkəti «Optimal Elektronika» ilə birləşib. Bunun qarşılığında «Optimal Elektronika» şirkəti həmin vəsaiti «Təkərstore»nin inkişafına sərmayə kimi yatıracaq.
«Bura biznesin inkişafı üçün maddi, texniki və personalla bağlı işlərin həyata keçirilməsi, logistika-anbar, mağaza və sair sahələrin inkişafı aiddir. Hazırda şirkətin bazara yeni imkanlarla daxil olması üzərində iş aparılır»-deyə bildirilib.
Yeri gəlmişkən, artıq «Optimal Elektronika»nın mağazalarında avtomobil təkərlərinin satışı ilə bağlı elanlar açıqlanıb.
«Optimal Elektronika»dan FED.az-a «Təkərstore»nin alındığını təsdiqləyiblər. Şirkətdən bildirilib ki, artıq «Optimal»ın bütün mağazalarında (82 mağazası var) avtomobil təkərlərinin də satışı başlayıb. Mağazada satılan digər mallar və avadanlıqlarda olduğu kimi, avtomobil şinləri də kredit və taksitlə satılacaq.
«Optimal Elektronika»dan bildirilib ki, «Təkərtore»nin alınması şirkətə təqribən 2 milyon manata başa gəlib, amma yatırımlar bununla bitməyəcək.
Şirkət təkcə avtomobil şini satışı ilə kifayətlənmək niyyətində deyil, ölkəyə təkər və şin idxalına da başlamaq niyyətindədir: «Biz Yaponiya, Koreya, Avropa və Çindən olan şirkətlərin və brendlərin məhsullarını idxal etmək niyyətindəyik».
Qeyd edək ki, hazırda bəzi avtomobil şin markaları Azərbaycana distribütorlar vasitəsilə idxal olunsa da, bir sıra markalar yalnız pərakəndə şəkildə gətirilir. «Optimal Elektronika» bir sıra markaların idxalı ilə bağlı distribütorluq əldə etmək niyyətindədir.
«Optimal»ın distribütorluq əldə etməsindən sonra, təkərlərin idxalı ilə pərakəndə şəkildə məşğul olan şəxslərin yenə də ölkəyə təkər gətirə bilib-bilməyəcəyi məlum deyil. Amma şirkətdən bildirilib ki, istənilən halda, yerli distribütor olduğuna görə, burada qiymətlər başqalarından fərqli olacaq.