Xəbər verildiyi kimi, Azərbaycanın “Azərmaş” ASC ilə Özbəkistanın “UzAuto Motors” şirkəti arasında əməkdaşlıq çərçivəsində hazırda Hacıqabul Sənaye Məhəlləsində “Chevrolet” brendinin “Nexia”, “Cobalt”, “Malibu”, “Tracker” və “Equinox” modelləri və sair markalı avtomobillər istehsal edilir.
FED.az xəbər verir ki, Azərbaycanda “Chevrolet”lərin istehsalı may ayından başlayıb və onların qiymətləri məlumdur.
«Azərmaş»dan FED.az-a verilən məlumata görə, hazırda Hacıqabuldakı sənaye məhəlləsində istehsal olunan «Cobalt» modelinin (mühərriki 1,5 litr) qiyməti 25 min manatdır.
Sənaye məhəlləsində yığılan «Chevrolet Spark» modelinin (mühərriki 1,3 litr) qiyməti isə 20 600 manatdır.
Hazırda satışda olan «Chevrolet Malibu» modeli daha bahalıdır və onun qiyməti 53 500 manata çatır.
«Chevrolet Tracker» modelinin (mühərriki 1,4 litr) yaxın vaxtlarda satışa çıxarılacağı gözlənilir, ona görə də qiyməti hələlik məlum deyil, əvvəlki qiyməti isə 35 600 manat olub.
Bütün avtomobilləri 5 ilədək müddətə lizinqlə almaq mümkündür.
ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olması nəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq.