Azərbaycanda avtomobil idarə edənləri yol hərəkəti qaydaları sahəsindəki biliklərinə və davranışlarına görə 3 qrupa bölmək olar. FED.az xəbər verir ki, bu barədə yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, sürücülərdən cəmi 4-5%-i zəruri biliklərdən məlumatlıdır və tələblərə cavab verir. Ekspert yazır:
«Uzun illər apardığm müşahidələr əsasında ölkəmizdəki sürücüləri 3 qrupa bölərdim:Eləcə də bax: “SOCAR Petroleum” sürücülər üçün - YENİ XİDMƏT TƏQDİM EDİB
1. Bütün sürüclərin cəmi 4-5%-ni təşkil edən intizamlı, savadlı, peşəkar, səliqəli sürücülər. Bir sözlə, bunlar sürüclüyün, yol hərəkəti təhlükəsizliyinin nə olduğunu bilən, provakasiyalara getməyən, qaydaları heç vaxt pozmayan, yaxud çox nadir hallarda qaydalardan cüzi kənaraçıxmalara yol verən sürücülərdir.
2. Bütün sürücülərin təxminən 8-10 %-ni təşkil edən kobud, yekəxana, qaydalardan anlayışı olmayan sürücülər. Belələri təhlükəsizliklə bağlı çox bəsit şeylərdən də bixəbərdirlər, özlərini hər bir qaydanın fövqündə görürlər, hətta bəziləri qayda pozmaqla öyünə də bilərlər.
3. Sürücülərimizin 85-88%-ni təşkil edən əksəriyyət. Bunların qaydalardan, yol hərəkəti təhlükəsizliyindən müəyyən məlumatlarıı var, amma həmin məlumatlar natamamdır. Lakin yaxşı hal odur ki, düzgün metodika seçilməklə bu əksəriyyətin dünyagörüşünü dəyişmək, intizamlılıq səviyyəsini yüksəltmək olar.
Bu əksəriyyət üçün ən xarakterik hal odur ki, onlardan bəziləri yol şəraitinə uyğun davranışa meyllidirlər. Məsələn, belə bir mənzərəni çox görmüşük. Tixacdır, hamı qoşa xəttin sağ tərəfi ilə (öz yoluyla) fasilələrlə gedir. Birdən qeyd etdiyim 2-ci qrupa aid bir "qoçaq" qoşa xəttin sol tərəfi ilə şütüyür. Görürsən ki, bayaqdan yerindən tərpənməyənlərin bir neçəsi də həmin "qoçağa" qoşuldu.
Deməli, bu əksəriyyət yaxşı nümunə şahidi olsa, gözəl mühitlə qarşılaşsa, daha intizamlı və səliqəli olacaq, pis nümunə görəndə isə kobudluq edəcək.
Dostlar, əsas məqsədimiz yuxarıda qeyd etdiyim 1-ci qrupda olanların sayını artırmaq və imkan daxilində 2-ci qrupdakıları azaltmaq olmalıdır. Əminəm ki, biz 1-ci qrupun sayının 2-cidən heç olmasa, 2 dəfə artıq olmasına nail olsaq, yollarımızda tam başqa mənzərə görə bilərik. Amma hər kəs ilk növbədə öz üzərində işləməlidir. Peşəkarlığı artırmaq üçün hər zaman imkan tapmaq olur».