Dəyəri 14 milyon manat olan zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək
Azərbaycanda “QAZ” markalı kiçiktonnajlı kommersiya avtomobilləri yığılacaq. Bununla bağlı ötən gün Rusiyanın “QAZ” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycanın “Azərmaş” Açıq Səhmdar Cəmiyyəti arasında uzunmüddətli əməkdaşlıq haqqında Memorandum imzalanıb.
FED.az xəbər verir ki “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov bununla bağlı bildirib ki, Hacıqabul Sənaye Məhəlləsində inşa olunacaq zavodun tikintisi 2019-cu ilin ortalarında başa çatacaq. Dəyəri 14 milyon manat olan zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək. İlkin mərhələdə zavodda 80 nəfər, sonra isə 150 nəfər işlə təmin olunacaq.
“Biz əvvəlcə daxili bazarın tələbatını ödəmək niyyətindəyik. Daha sonra bu avtomobillərin xarici bazara ixracını da nəzərdə tuturuq”, - deyə Emin Axundov qeyd edib.
Xatırladaq ki, Prezidentin müvafiq Sərəncamı əsasında yaradılmaqda olan Hacıqabul Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsi 2018-ci ilin sonlarında başa çatdırılaraq sahibkarların istifadəsinə veriləcək.