Azərbaycanda ilk dəfə olaraq taksi xidmətində premium avtomobillərdən istifadə olunacaq.
«Bolt»un Azərbaycan rəhbəri: «Taksilərin sayı azaldıqda, gediş haqqının artması təbiidir» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu avtomobilləri ölkəyə BOLT şirkəti gətirəcək. Şirkətdən FED.az-a bildirilib ki, ekoloji təmiz avtomobillərin istifadəsi məqsədilə Azərbaycana 20-dən çox markalı premium elektromobil, eləcə də 300-ə yaxın sıfır emissiya səviyyəli avtomobil gətiriləcək. «Hazırda bu pilot layihədir, gələn il biz daha çox avtomobil əlavə etməyi planlaşdırırıq. Avtoparklara yeni avtomobillər təqdim etməklə, biz regionun sıfır emissiyalı müasir nəqliyyat ehtiyacını ödəyirik. »,- məlumatda bildirilir.
Azərbaycana gətirilən brend elektromobillər arasında tanınmış brendlər də var. «Platformamızda olan maşınların brendləri «Leapmotor C11», «Honda ENS, Volksvagen id06, «Tesla Model 3», «BYD2» kimi elektrik modellər var. Bu maşınların hamısı sahibkarlara və sərbəst taksi sürücülərinə məxsusdur»-deyə şirkətdən FED.az-a bildirilib.
Şirkətdən verilən məlumata görə, «Bolt» artıq 2040-cı ilə qədər «sıfır karbon qazı» şirkəti olmağa çalışır. Elektromobillərdən istifadə də bununla bağlıdır, çünki dünyada karbon qazı emissiyasının böyük hissəsi avtomobildən istifadənin payına düşür.
Hazırda dünyada 3,5 milyon sürücü «Bolt»la əməkdaşlıq edib taksi xidməti göstərir. Şirkət təkcə Avropa və Afrikanın 45 ölkəsində və 500-dən çox şəhərində işləyir və 150 milyon nəfərə xidmət göstərir. Bunlardan 70-dən çox şəhərdə şirkət «Green» və «Electric» kateqoriyalarında, yəni tam elektrik, hibrid və plug-in hibrid avtomobillər təklif edir.
Şirkət Azərbaycanın on altı şəhərində səfər sifarişi xidmətini həyata keçirir: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan, Lənkəran, Qəbələ, Şəmkir, Şəki, Şirvan, Evlax, Quba, Masallı, Şamaxı, Cəlilabad və Qazax.