Rusiya-Ukrayna müharibəsi fonunda bu ölkələrdən idxal olunan yaxud onların ərazisində tranzit yolla keçən məhsulların qiymətlərində kəskin artım müşahidə olunur. Bahalaşan məhsullar sırasında sürtkü yağları da var.
Eləcə də bax: Azərbaycan şirkəti Avropa ölkələrinə sürtkü yağlarının ixracına - BAŞLAYIB
Belə ki, payız aylarına nisbətən ölkə ərazisində satılan sürtkü yağlarının qiyməti 30 %-dək artıb.
Qeyd edək ki, Azərbaycan bu məhsulların həm ixracatçısı, həm də idxalçısıdır.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 15,735 milyon ABŞ dolları dəyərində 13 982 ton sürtkü yağı ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26 % çox və 16,5 % azdır.
Türkiyəyə 9,31 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 75,2 % artıb) 9 min 284 ton (+13,3 %), Ukraynaya 1,299 milyon ABŞ dolları dəyərində (-68,1 %) 1 min 099 ton (-79,7 %), İraqa 1,256 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 885,1 ton (+94,5 %), Moldovaya 763,49 min ABŞ dolları dəyərində (+53,2 %) 546,13 ton (+37 %), İtaliyaya 676,14 min ABŞ dolları dəyərində 501 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Hesabat dövründə Azərbaycana xaricdən 57,106 milyon ABŞ dolları dəyərində 29 min 801 ton sürtkü yağı gətirilib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 47,8 % və 63,2 % çoxdur.
Türkiyədən 16,553 milyon ABŞ dolları dəyərində (+82,3 %) 6 min 535 ton (+59,2 %), Rusiyadan 10,318 milyon ABŞ dolları dəyərində (+32,4 %) 8 min 661 ton (+53,5 %), Almaniyadan 9,694 milyon ABŞ dolları dəyərində (+12,4 %) 2 min 644 ton (+5,1 %), Türkmənistandan 5,402 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 6 min 576 ton (+21 dəfə), Belçikadan 2,457 milyon ABŞ dolları dəyərində (+8,2 %) 768 ton (+7,3 %) məhsul alınıb.
Bazar iştirakçıları bahalaşmanın bir neçə məsələ ilə bağlı olduğunu qeyd edir.
Ölkəyə Türkiyə, Rusiya və bir sıra Avropa ölkələrindən sürtkü yağların idxalı ilə məşğul olan Elşad Yusifov bildirib ki, qiymət artımı əslində pandemiya dövründən başlayıb:
“Əslində qiymətlər 2020-ci ildən etibarən artıb. Bu bahalaşma 3 mərhələdən ibarət olub. Birinci bahalaşma koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olub. Əgər həmin dövrlə müqayisə etsək indi qiymət fərqi 100-150 %-ə çatır. Amma son aylar əsas yağların qiyməti 20-30 % arasında artıb. Təbii ki, son iki artım sırf Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Çünki ölkədə istifadə edilən əksər sürtkü yağların istehsalçıları baza yağını Rusiyadan idxal edirlər. Məhz embarqoya görə, istehsalçılar Şimal qonşumuzdan baza yağı ala bilmir. Bu səbəbdən də kəskin qiymət artımı məhz aşağı keyfiyyətli yağlarda hiss edilib.
Əslində ən keyfiyyətsiz baza yağı da Rusiyanındır. Amma keyfiyyətli baza yağı Körfəz neftindən alınır. Bu gün Avropa, Almaniya istehsalı olan yağların qiyməti 30 % ətrafında artdığı halda, Rusiya yağları 100 % civarında bahalaşıb. Biz özümüz əvvəllər Rusiyadan yağ idxalı ilə məşğul olurduq, amma qiymət artımı o həddə oldu ki, artıq həmin yağ idxalını dayandırdıq”.
Ekspert hesab edir ki, qiymət artımı istifadə edilmiş yağların təkrar bazara daxil olmağına və balansın pozulmasına səbəb olur:
“Pis baza yağından hazırlandığına görə yağlar ucuz idi, amma nə də olmasa istehsal edilə bilən baza yağından hazırlanmışdı. Yəni neftə bağlı baza yağından hazırlanıb. Neftin qiyməti qalxdığına görə, istifadə olunmuş yağlar bazarda ayaq açmağa başlayıb. Çünki qiymət artımı onlara demək olar ki, təsir etməyib. Ölkəmizə idxal olunan belə yağların da çoxu Türkiyədən gəlir. Amma bu ölkənin illərdi yağ istehsal edən brendlərində keyfiyyətlə bağlı problem yoxdur. Lakin qiymətdə təxminən 20 % civarında artım var”.
Ölkəyə Almaniya yağ brendlərinin idxalı ilə məşğul olan iş adamı Arif Məmmədov da qiymət artımının qeydə alındığını və bunun əsas səbəbinin Rusiya-Ukrayna müharibəsi olduğunu qeyd edib: Müharibə də təbii ki, qiymət artımına təsir edir. Xammal, qablaşdırma, enerji və yükdaşıma xərclərinin artması artıq istehsala da təsir göstərir.
Təəssüf ki, əmtəə bazarında bahalaşma qiymətlərə əlavə düzəlişlər etməkdən başqa seçim qoymur. Bu gedişlə növbəti aylarda da 10-15 %-lik bahalaşmanın şahidi olacayıq”.
Azərbaycanda adının çəkilməsini istəməyən bir sıra təchizatçılar isə qiymət artımına təsir edən amillərdən birinin də idxal və satış işləri ilə məşğul olan iş adamlarına vergi nəzarətinin güclənməsini göstərirlər. Onların sözlərinə görə, bu sahədə aparılan şəffaflaşma, POS-terminal və ƏDV öhdəlikləri üzrə tələblərin yerinə yetirilməsi qara bazarın aradan çıxmasına səbəb olub. “Qara" mühasibatlığın “ağarma”sı qiymətlərin də 15 %-dək artması ilə nəticələnib.
Qeyd edək ki, Avropa ölkələrində də bu il sürtkü yağlarının bahalaşması digər illərə nisbətən daha çox hiss edilib. Buna səbəblərdən biri kimi Reyn çayının suyunun kəskin azalması göstərilir. Çünki qitədaxili daşımalarda xüsusi payı olan çayın suyunun azalması iri və orta tutumlu yük gəmilərinin hərəkətinə mane olur. (Report)