Azərbaycanda atmosfer havasına atılan zərərli maddələrin böyük bir hissəsi avtonəqliyyatın payına düşür və bu səbəbdən də köhnə avtoparkın yenilənməsi, elektromobil və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılması vacibdir.
Eləcə də bax: Azərbaycana yeni hibrid - AVTOMOBİLLƏR GƏTİRİLİR - SİYAHI
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev elektromobil və hibrid avtomobillərinin istifadəsinin təşviqi mövzusunda görüşdə deyib.
O, nazirliyin hibrid avtomobillərin istifadəsinə üstünlük verdiyini, hazırda öz xidməti avtomobilinin də hibrid olduğunu diqqətə çatdırıb və avtomobilin ekoloji cəhətdən təmizliyi ilə yanaşı, az yanacaq sərfiyyatı ilə büdcə vəsaitinə də qənaət edildiyini bildirib.
Görüşdə Azərbaycanda köhnə nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması, hibrid avtomobillərin istifadəsi ilə havaya atılan zərərli tullantıların həcmini azaltmaqla ölkənin ekoloji durumunu yaxşılaşdırmağın mümkünlüyü qeyd olunub.
Dünyanın bir çox ölkələrində elektrik və hibrid avtomobillərinin daha əlçatan olması üçün genişmiqyaslı strategiyaların həyata keçirildiyi, bu avtomobillərin alıcılarına və satıcılarına müxtəlif tipli güzəştlərin tətbiq edildiyi və belə təşviqedici addımların yaxşı nəticələr verdiyi barədə fikir mübadiləsi aparılıb. Ölkəmizdə də elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə fəaliyyətin daha da sürətlənməsinin vacibliyi vurğulanıb.