Naxçıvanda yerləşən Naxçıvan Avtomobil Zavodu sahibini dəyişib.
FED.az xəbər verir ki, müəssisənin əsası 2006-cı ildə qoyulub, 2010-cu ildə istismara verilib. İstehsal prosesində keyfiyyəti əsas götürən zavod 2019-cu ildən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının tərkibinə daxil olmuş, istehsal olunan avtomobillərin “Cahan Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomobil salonlarında da satışı təşkil edilmişdir.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı da yüksək səviyyədə qurulmuşdur. Naxçıvan və Bakı şəhərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satış mağazaları, həmçinin Şərur və Culfa rayonlarında servis mərkəzləri fəaliyyət göstərir. Bu da muxtar respublikada müəssisənin istehsal etdiyi avtomobillərə texniki xidmət göstərilməsinə əlverişli şərait yaradır.
2021-ci ilin ötən dövrü ərzində yeni modelləri sırasına daha bir avtomobil əlavə edən Naxçıvan Avtomobil Zavodunda “Changan minik-yük”, “Changan minivan” markalı avtomobillərin istehsalına başlanılmışdır.
Bağlanmış müqavilələrə uyğun olaraq növbəti aylarda 200 ədəd “Lifan 650”, 60 ədəd “Lifan X70”, 76 ədəd “FAW” markalı minik və yük avtomobillərinin istehsalına başlanılması nəzərdə tutulur.
Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə 2020-ci il ərzində 117 ədəd avtomobil, 2021-ci ilin ötən dövrü ərzində isə 47 ədəd avtomobil istehsal olunmuşdur.