2025-ci ilin yanvar-mart aylarında maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində ümumilikdə 144,1 milyon manatlıq məhsul istehsal edilib.
Cibə düşən manat çoxaldı - ƏHALİNİN GƏLİRLƏRİ 6,6% ARTIB
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Maşın və avadanlıqların istehsalı üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz artım qeydə alınıb. Bu sahədə artım tendensiyası aylar üzrə də özünü göstərir. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında 80,5 milyon manatlıq məhsul istehsal olunmuşdusa, 2025-ci ilin eyni dövründə bu göstərici 120,9 milyon manata çatıb.
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahəsində də müsbət dinamika müşahidə olunur. 2024-cü ilin yanvar-mart aylarında bu sahədə 99,6 milyon manatlıq məhsul istehsal olunmuşdursa, 2025-ci ilin eyni dövründə bu rəqəm 103,1 milyon manat təşkil edib, yəni 3,1 faiz artım qeydə alınıb.
İstehsal edilmiş məhsulların say göstəriciləri də diqqətçəkicidir. 2025-ci ilin ilk üç ayında 1302 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 695 ədəd çoxdur. Bu, daxili istehsal gücünün və avtomobil sənayesinə olan tələbatın artdığını göstərir.
Bununla belə, traktor istehsalı sahəsində azalma müşahidə olunub. 2025-ci ilin yanvar-mart aylarında traktor istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz azalıb. Bu azalma kənd təsərrüfatı texnikasının istehsalında müəyyən durğunluğun yaranmasından xəbər verir.
Aylar üzrə müqayisəyə gəldikdə:
-
2024-cü ilin yanvar-fevral aylarında maşın və avadanlıqların istehsalı 84,8 milyon manat, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 130,7 milyon manat olub.
-
2025-ci ilin yanvar-fevralında isə maşın və avadanlıqların istehsalı 122,4 milyon manata yüksəlib, avtomobil və qoşqu istehsalı isə 64,9 milyon manata enib.