Gələcəkdə Azərbaycanda "Mersedes" avtomobilləri üçün ehtiyat hissələri buraxıla bilər. FED.az xəbər verir ki bu barədə Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer bildirib. Fəxri Azərbaycanda sənaye istehsalının qurulması və inkişafında alman firmaları üçün çox yaxşı imkanların mövcud olduğu qənaətindədir.
Fəxri konsul inandırıcı arqumentlər vasitəsilə özünün çoxsaylı söhbətləri və məruzələrində Azərbaycanı iqtisadi məkan olaraq təbliğ edir:
-9,6 milyon əhalisi olan Azərbaycan Respublikası geostrateji cəhətdən Asiya ilə Avropanın kəsişməsində, Xəzər dənizinin qərb sahillərində yerləşir. Ölkə siyasi cəhətdən sabitdir, cəmiyyət tolerantdır. Burada dini fanatizm yoxdur. Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının üzvüdür. Ölkənin Almaniya ilə yaxşı siyasi və iqtisadi münasibətləri mövcuddur.
İqtisadi məkan olaraq Azərbaycan aşağıda sadalanan müsbət xüsusiyyətlərə malikdir:
- Əhalinin 84 faizi 0-55 yaşlarında olan gənclərdən ibarətdir;
- Ən müxtəlif xammal növləri (neft, qaz, qara və əlvan metal növləri və s.) mövcuddur;
- Əmək xərcləri alman əmək xərclərindən (bir saat=39 avro) çox aşağıdır (orta aylıq qazanc=500 manat (245 avro);
- Enerji xərcləri Almaniya ilə müqayisədə çox ucuzdur (Almaniyada hər kilovat 16 sentə, Azərbaycandan isə cəmi 4 sentə bərabərdir);
- Əcnəbilər tərəfindən sənaye istiqamətində qoşulmuş sərmayələrə vergi və gömrük güzəştləri, habelə infrastruktur sahəsində dəstək mövcuddur;
- Peşə təhsili isə yenidən qurulma fazasındadır;
- Özünün əlverişli coğrafi vəziyyəti, şimalda Rusiya, cənubda isə İranla olan qonşuluğu bu ölkələrin bazarlarına daxil olmağa imkan verir;
- İşçi dillər Azərbaycan, rus, türk və ingilis dilləridir.
Eyni zamanda, “Daimler AG” şirkəti Rusiyada istehsala başlayacaq. Növbəti illər ərzində İranda avtomobil sənayesi də daxil olmaqla iqtisadi inkişaf artacaq. Ona görə də avtomobil sənayesini ehtiyat hissələri ilə təchiz edəcək istehsal məkanının Azərbaycanda olması tamamilə mümkündür.
Nəzərə almaq lazımdır ki, alman təchizat firmaları yüksək texniki standartlara malik olmalıdır. Hər bir təchizat firması avtomobil istehsalçılarının sertifikatlaşdırmasından keçməlidir, buraya həm məhsulların özü, həm də bu məhsulların istehsal yeri aiddir. Bu cür sertifikatlaşdırmanı keçmədən istehsal etmək mümkün deyil. Bununla da avtomobil istehsalçıları müasir avtomobillərin istehsalı üçün lazım olan ehtiyat hissələrinin texniki tələblərə uyğun olmasını təmin etmiş olurlar. Bu, həm də istehsal edilmiş avtomobillərin istehsalçı tərəfindən təmiri və ya geri çağırılmasının qabağını almış olur. Ehtiyat hissələri avtomobil istehsalçılarının seriya istehsalına cəlb olunur.
Azərbaycanlı investorlar və alman müəssisələrinin iştirakı ilə birgə müəssisələrin təsis edilməsi Azərbaycanda sənaye istehsalının qurulması üçün tələb olunan müasir alman texnoloji biliklərinin və mühəndis xidmətlərinin transfer edilməsi istiqamətində müsbət addım ola bilər. Azərbaycana məxsus müsbət amillərin əsasında həm də Rusiyanın, Qafqaz regionunun, İranın, Asiya və Avropanın bazarlarına da çıxış əldə etmək mümkündür.
Fəxri konsul Otto Hauzerin fikrincə, sənaye parklarının yaradılması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə ola bilər.
Otto Hauzer hazırda Baden-Vürtemberq federal torpağında yerləşən avtomobil sənayesi üzrə ixtisaslaşmış aparıcı müəssisələrlə birlikdə konkret layihə üzərində çalışır. Bu layihə gələcəkdə digər alman müəssisələri üçün örnək ola bilər.