Azərbaycanda işsizləri işlə təmin etmək üçün yeni layihəyə start verilib. İşsizlik problemini həll etmək üçün indiyədək bir neçə üsuldan istifadə edən hökumət bu dəfə işsizləri avtoservislərdə bir yerə toplamağı sınayacaq.
FED.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi ölkədə ilk dəfə olaraq Oğuz rayonunda “Avtoklaster” layihəsinə başlayır. Bu layihə də əvvəlki bir neçə layihələrdə olduğu kimi özünüməşğulluq proqramı çərçivəsində həyata keçirilir. Yəni burada müəyyən ixtisası olan sakinlər məşğulluqla təmin ediləcəklər – bu yeni iş yeri demək deyil, sadəcə sahə üzrə ixtisası olan şəxslər bu ixtisasa uyğun xidmət göstərib gəlir əldə edəcəklər.
Layihənin maraqlı cəhəti onun klaster formasında həyata keçirilməsidir. Klaster – eyni sahəyə aid bir neçə xidmətin cəmləşdiyi sahə deməkdir. Burada da avtomobillə əlaqəli bir neçə xidmət birlikdə göstəriləcək.
Nə üçün məhz avtoservislər və maşın ustaları – avtoklaster?
Ölkədə, o cümləldən regionlarda avtomobillərin sayının son illər bir neçə dəfə artması, maşınlarla əlaqəli xidmətlərə tələbatı artırıb. Hazırda avtomobil xidmətləri ölkədə ən kütləvi tələbat olan sahələrdəndir. Avtoyumadan tutmuş yağ dəyişməyə və müxtəlif təmir işlərinə qədər maşın sahiblərinə onlarla müxtəlif xidmətlər göstərilir, bu sahədə ciddi pullar dövr edir. Amma Bakıdan fərqli olaraq bölgələrdə bütün xidmətlərin birlikdə olduğu yerlər azdır. Nəticədə sürücülər ayrı-ayrı xidmətlər üçün şəhərin müxtəlif yerlərinə üz tutmalı olurlar. Məşğulluq Agentliyinin yerli icra hakimiyyəti ilə birgə həyata keçirliyi “Avtoklaster” layihəsi isə uğurlu olsa, həm maşın ustalarına olan tələbatı ödəməyə imkan verəcək, həm də işsizliyi azalda biləcək.
Nə üçün məhz Oğuzda?
Agentlikdən FED,az-a bildiriblər ki, «Avtoklaster» layihəsinin Oğuzda başlanmasının səbəbi bu rayonun pilot olaraq seçilməsidir. Bunun ilk səbəblərindən biri Oğuzun magistral yol üzərində yerləşməsidir. Nəticədə burada avtomobil axını çox olur və maşınla bağlı xidmətlərə tələbat da yüksək olur. Digər tərəfdən müşahidə göstərir ki, bölgədə avtomobil sektoruna olan tələbat getdikcə artır. Bunları nəzərə alaraq, həm də rayonda işsizliyi azaltmaq üçün bu layihənin Oğuzda keçirilməsi qərara alınıb.
«Avtoklaster» layihəsi nədir, neçə nəfər işləyəcək?
«Avtoklaster» layihəsi əslində avtomobil xidmətləri göstərən bir şəbəkənin qurulmasıdır. Bu layihədə maşınlar üçün müxtəlif xidmətlər göstərən ustalar bir yerə toplanacaq. Bura «Avtodəmirçi xidmətləri-PDR batıqların bərpası», «Avtorəngsaz», «Avtoçilingər-Katalizatorların təmizlənməsi», «Elektrik-Kondisioner təmiri», «Yağlama, yağdəyişmə», «Razval xidməti», «Avtotəmizləmə», «Disk-təkər təmiri» kimi xidmətlər aiddir.
Bu işi bacaran şəxslər bir məkanda toplanacaq (yəni klaster yaradılacq) və onlara həmin xidmətləri göstərmək üçün avadanlıqlar veriləcək. İlkin məlumatlara görə, layihədə ilkin olaraq 9 nəfər işlə təmin olunacaq.
Layihədə işçilər necə seçiləcək?
Məşğulluq Agentliyindən layihənin detalları izahedilərkən FED.az-a bildirilib ki, bu layihədə əsasən avtomobil sahəsində xidmət göstərən, bu sahədə az da olsa təcrübəsi olan şəxslər və sosial tərəfdaşlar iştirak edə bilər. Burada avtomobil təmiri ustaları, rəngsazlar, çilingərlər və digər müvafiq sahələrdə çalışan şəxslər nəzərdə tutulur. Amma layihədə iştirak etmək üçün həmin şəxslərin müraciət etdikləri sahədə ixtisaslı olması tələb olunur, üstəlik onlar bu sahədə bilik bacarıqlarının olmasını müvafiq sənədlərlə təsdiqləməlidirlər.
Belə ki, ustaların həmin sahədə peşəkar olmalarını təmin etmək üçün onların təcrübəsi mütəxəsislər tərəfindən yoxlanacaq. Onsuz da layihəyə qoşulanlara əlavə təlimlər və kurslar keçiləcək. İştirakçıların seçilməsi zamanı bir neçə məsələ nəzərə alınacaq.
Məsələn, ixtisas və təcrübə: İştirakçıların avtomobil xidmətləri sahəsindəki peşəkar təcrübəsi və bacarıqları qiymətləndiriləcək. Bundan başqa, iştirakçılar, sahələrindəki peşəkar təlimlərə qatılmağa hazır olmalıdırlar.
Yeni ustalar VÖEN-lə işləyəcəklər
FED.az-a verilən məlumata görə, layihənin iştirakçıları vergi ödəyicisi kimi qeydiyyatdan keçməli və VBEN-lə xidmət göstərməlidirlər. Onların müvafiq bank hesabı da olacaq. Agentlikdə də bildirirlər ki, ustaların gəlirləri VÖEN ilə şəkildə qeydiyyata alınacaq. Onların gəlirlərinin həcmi isə şəxslərin gündəlik qazanclarından asılı olaraq müxtəlif ola bilər.
Yerin icarə haqqını kim ödəyəcək?
Qeyd etdiyimiz kimi, avtoklaster layihəsində ustaların müəyyən məkanda toplanması və maşın xidmətlərinin bir mərkəzdə göstərilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, ustalar hansısa məkanda fəaliyyət göstərməli və bu yerə görə icarə haqqı ödənilməlidir. Agentlikdən bildirilib ki, iş yerinin icarə ödənişləri, ümumiyyətlə, klasterin yaradılmasında iştirak edən tərəflər və ya həmin obyektin sahibinə görə müəyyən ediləcək. Bu, klasterin dəstək verdiyi müəssisələr arasında razılaşmalarla müəyyən olunacaq.
Belə layihələr başqa rayonlarda da olacaq
Layihə ilkin olaraq pilot kimi nəzərdə tutulsa da genişlənməsi və digər rayonlarda tətbiq edilməsi nəzərdə tutulur. Başlanğıcda müəyyən bir bölgədə həyata keçirilsə də, layihənin nəticələri uğurlu olsa, onların digər bölgələrdə də tətbiq olunması planlaşdırılır.