“myGov” platforması üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən FED.az-a verilən məlumata görə, bu, Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.
Eləcə də bax: Etibarnaməni elektron qaydada necə əldə etmək olar? - QAYDALAR - VİDEO
Vətəndaşlar “myGov” şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Eyni zamanda xidmətin həyata keçirilməsi üçün zəruri olan məlumatları əldə etmək mümkündür. Yəni etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş “ASAN ödəniş” sistemi üzərindən ödəniş etməklə müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir.
Sonda vətəndaşın şəxsi kabinetində bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir. "Elektron hökumət" konseptinin müasir versiyası olan “myGov” portalı vasitəsi ilə vətəndaşlara nikah üçün müraciətin və doğumun elektron qaydada qeydə alınması prosesi kimi digər ədliyyə xidmətləri də göstərilir.
Portal üzərindən ilkin olaraq 19 dövlət və 16 bildiriş xidməti təqdim olunur. Bundan başqa, “myGov” portalından “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” sistemlərinə keçid mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyənləşdirilib.