Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə başlanılıb.
FED.az xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-dən bildirilib.
Qeyd olunub ki, ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin, proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb.
Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC nəqliyyat vasitələrinin utilizatorlarının reyestrində qeydiyyata alınmış, utilizasiya məqsədi ilə nəqliyyat vasitəsini təhvil verən vətəndaşa ilk təsdiqedici sənəd təqdim olunub.
Qeyd edilib ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır. Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.
Uçotdan çıxarıldıqdan və utilizatora təhvil verildikdən sonra nəqliyyat vasitəsini utilizatora təhvil verən şəxsə yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş hüququ verən təsdiqedici sənəd verilir.