ww.asanpay.az ünvanından avtomobil sahiblərinin telefonlarına son tarix göstərilməklə növbəti texniki baxışın keçirilməsi, əks halda cərimə tədbirlərinin qüvvəyə minməsi barədə SMS-lər daxil olmağa davam edir.
Eləcə də bax: Azərbaycanda texniki baxışın qiyməti qalxdı - RƏSMİ
FED.az xəbər verir ki, paytaxt sakinləri üçün texniki baxış Xırdalan və Sabunçudakı DYP mərkəzlərində edilə bilər. Ancaq bu gün bir çox avtomobil sahibləri üçün karantin tədbirləri şəraitində bunu etmək bir qədər çətin görünür. Bununla yanaşı texniki baxış zamanı növbə, sıxlıq yaranır ki, bu da vətəndaşların sağlamlığı üçün təhlükə yaradır. Bəs avtomobil sahibləri üçün texniki baxış vaxtını dəyişdirmək mümkündürmü?
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Yenisabah.az saytına açıqlamasında mövcud vəziyyətlə əlaqədar bu müddət ərzində texniki baxışdan keçməyən şəxslərin əlavə məsuliyyətə cəlb olunmayacağını və onların bu qayda pozuntusu xüsusi texniki vasitənin köməyilə aşkar edilməyəcəyini deyib:
“Avtomobil sahibi olan şəxslərin hazırda bu məqsədlə harasa getməsinə ehtiyac yoxdur. Bu proses xüsusi karantin rejiminin sonunadək dayandırılıb. Sözsüz ki, bu məhdudiyyət və inzibati məsuliyyətə cəlb olunmaq xüsusi karantin rejiminin tətbiqindən başlanan və sonunadək olan müddətə təsadüf edən nəqliyyat vasitələrinə aiddir.
Əhalinin evdən çıxmaması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Ona görə də hazırda onlar məsuliyyətə cəlb olunmayacaqlar. Sürücülərin narahatlığına ehtiyac yoxdur. Karantin müddəti başa çatdıqdan sonra onlara vaxt veriləcək ki, gedib texniki baxışdan keçsinlər. Amma verilən müddət ərzində texniki baxışdan keçməsələr artıq inzibati məsuliyyətə cəlb olunacaqlar”.