Azərbaycanda bir sıra avtomobil dilerləri avtomobillərin satış şərtlərinə dəyişiklik ediblər. FED.az xəbər verir ki, satış şirkətləri bu üsullarla avtomobil kreditlərindəki ağır şərtləri yüngülləşdirməyə çalışırlar. Qeyd edək ki, mövcud qaydalara görə, yeni avtomobillərin satışı üçün bank kreditlərində ilkin ödəniş azı 50% olmalıdır. Bu tələb yeni avtomobillərin satışına problem yaradır və mövcud müştəriləri işlənmiş avtomobil bazarına yönəldir. Məhz buna görə, bir qədər əvvəl Azərbaycan Avtomobil Assosiasiyasının üzvləri hökumətə müraciət edərək ilkin ödəniş tələbinin aşağı salınmasını təklif etmişdilər.
Eləcə də bax: Maşın bazarında son vəziyyət - QİYMƏTLƏR
Hələliksə, avtomobil atıcıları bu tələbi müxtəlif üsullarla yan keçməyə çalışırlar. Bu zaman şirkətlər daxili kredit, lizinq kimi üsullardan istifadə edirlər.
FED.az Bakının populyar avtomobil şirkətlərində avtomobillərin kreditlə satışı şərtlərini təqdim edir.
«Hyundai Avto Azərbaycan»
«Hyundai Avto Azərbaycan» şirkətindən bildirdilər ki, hazırda avtomobillər həm daxili, həm də bank olmayan kredit təşkilatının (BOKT) iştirakı ilə kreditə verilir.
Daxili kredit şərtlərinə görə, avtomobilin modelindən və modifikasiyasından asılı olmayaraq ilkin ödəniş 25% təşkil edir. Kredit müddəti 3 ildir. Bu zaman 1 il üçün illik faiz 19%, 2 illik 20%, 3 illik isə illik 23% verilir. Daxili kredit zamanı lazım olan sənədlər yalnız şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd ilə verilir.
«Hyundai Avto Azərbaycan» şirkəti salon maşınlarını BOKT-un avtokreditləri ilə də təklif edir. Amma burada ilkin ödəniş 40% təşkil etməlidir. Bu zaman 1 illik kredit üçün 18%, 2 illik üçün 19%, 3 illik üçün isə 20% təşkil edəcək.
Eləcə də bax: Xaricdən avtomobil idxalı - KƏSKİN ARTIB - RƏQƏMLƏR
«Kia Motors Azərbaycan»
Kia Motorsdan isə bildirdirlər ki, salonda 30 min manatdan aşağı qiymətə olan avtomobillər üçün ilkin ödəniş 50%, 30 min manatdan baha olan maşınlara isə ilkin ödəniş 40% ödəmək lazımdır. Bu zaman kreditin illik faiz dərəcəsi 16-19% təşkil edəcək.
Adı çəkilən salon həmçinin lizinqə də avtomobil təklif edir. Bu zaman ilkin ödəniş 25%, illik faiz dərəcəsi isə 20-22% arasında dəyişir.
Kia Motors daxili krediti yalnız 2017-ci ilin Carens, Cerato və 2018-ci ilin «Rio» hetçbek modellərinə təqdim edir. Bu avtomobillər üçün ilkin ödəniş 25%-dir. İllik faiz isə 10-12% arasında dəyişir.
«Volswagen» Bakı Mərkəzi
Adı çəkilən alman maşınlarının Bakı təmsilçisindən FED.az-a bildirdirlər ki, istənilən Volswagen modeli üçün ilkin ödəniş 25%dir. İllik faiz dərəcəsi isə 22% təşkil edir. Avtomobillərin maksimum kredit müddəti isə 60 aya qədərdir.
«Nissan-Azərbaycan»
Nissan avtomobillərinin ölkəmizdəki təmsilçisinin kredit şərtlərinə gəlincə bu maşınları almaq istəyənlər ilkin ödəniş kimi ən azı alacağı avtomobilin 40-50 % ni ödəməlidir. Kredit 5 il müddətinə verilir, illik faiz dərəcələri isə müddətdən asılı olaraq 18-22% arasında dəyişir.
«Toyota Bakı Mərkəzi»
Yapon maşın markasının ölkəmizdəki rəsmi distributeri Toyota Bakı Mərkəzi avtomobilləri kreditə verərkən ilkin ödəniş kimi maşının dəyərinin 40%-ni tələb edir. Avtomobil maksimum 3il müddətinə verilir və bu zaman kreditin illik faiz dərəcəsi 16-19% arasında dəyişir.
Məlumat üçün bildirək ki, adları qeyd edilən salonlar avtomobil kreditini Xalq Bank və Rabitəbankla təqdim edirlər. Lizinqə gəlincə isə müştərinin seçimindən asılı olaraq lizinq şirkəti ilə kredit verilir.
«Sirena Motors»
Azərbaycanda Çin avtomobillərinin satıcısı olan «Sirena Motors» maşınları daxili kreditlə - 10% ilkin ödənişlə satır. İllik faiz dərəcəsi də effektiv 10% (yəni real dərəcə 18% ətrafındadır). Avtomobillər 3 il müddətinə kreditə verilir, qiymət 16-64 min manat arasında dəyişir. Salonda bildirilir ki, məhz şərtlərin əlverişli olması səbəbindən şirkət ayda 80-90 maşın satıb və ona görə də bütün avtomobillər satılıb qurtarıb. Hazırda şirkətdə yalnız «Gac»ın bir neçə modeli qalıb. Bu maşınlar müvəqqəti olaraq 25% ilkin ödənişlə satılır, sentyabrdan isə yenə 10%-lik şərtlər başlayacaq.