Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı azalıb.
Eləcə də bax: Azərbaycanda avtomobillər - BAHALAŞDI
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-may aylarında xaricdən Azərbaycana ümumi dəyəri 369,5 milyon dollar olan 28 681 ədəd avtomobil gətirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən maşınların sayı 2500 ədəd azalıb. Əvəzində bu il daha bahalı avtomobillər gətirilib. Belə ki, ötən ilin eyni dövründə ölkəyə ümumi dəyəri 318,1 milyon dollar olan 31 220 ədəd avtomobil gətirilmişdi.
Bu il xaricdən gətiridən avtomobillərin 292-si avtobuslardır. Ötən illə müqayisədə avtobusların sayı təqribən 6 dəfə artıb (ötən il 51 ədəd idi).
2022-ci ilin yanvıar-may aylarında ölkəyə 26 408 ədəd minik avtomobili gətirilib. Ötən illə müqayisədə maşınların idxalı 2400 ədəd və ya 8,4% azalıb.
Əvəzində hibrid və elektrik avtomobillərin idxalında kəskin artım var. Ötən ilin ilk 5 ayında ölkəyə 3719 hibrid maşınlar gətirilmişdi və hibrid maşınlar bütün idxal olunan minik avtomobillərinin 12,8%-ni təşkil edirdisə, bu il onların sayı 5082 ədəd olub (1300 ədəd və ya 36% artım). Hibrid avtomobillərinin ümumi minik maşınlarının idxalında payı isə 19%-ə yüksəlib. Yəni ölkəyə gətirilən hər 5 minik avtomobilindən 1-i hibrid maşındır.
Elektrik avtomobillərinin sayı isə 4,5 dəfə artaraq ötənilki 29 ədəddən, bu il 130 ədədə yüksəlib.