Azərbaycanda avtomobil nəqliyyatının ekologiyaya zərərini azaltmaq üçün ölkəyə gətirilən köhnə avtomobillərə qadağa qoyulacaq.
Eləcə də bax: Azərbaycanda nazir müavini - HİBRİD AVTOMOBİLDƏN İSTİFADƏ EDİR
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində avtomobillərin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin azaldılması, ekoloji cəhətdən təmiz elektromobil və hibrid avtomobillərdən istifadənin təşviqi məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə keçirilib.
Eləcə də bax: Sürücülük vəsiqəsi imtahanını - ROBOT GÖTÜRƏCƏK - YENİLİK
Müzakirələrdə Daxili İşlər, Maliyyə və Energetika nazirliklərinin, Dövlət Avtomobil Nəqliyyatı, Dövlət Vergi Xidmətlərinin, Bakı Nəqliyyat və Avtomobil Yolları Dövlət Agentliklərinin əməkdaşları iştirak edib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Azərbaycanda atmosfer havasına atılan zərərli maddələrin böyük bir hissəsi avtomobillərin payına düşür. Ona görə də köhnə avtoparkı yeniləmək və əhalini elektromobil və hibrid maşınlar almağa həvəsləndirmək lazımdır.
F.Əliyev bildirib ki, nazirliyin özü bu saat hibrid avtomobillərinin istifadəsinə üstünlük verir, hətta onun öz xidməti avtomobili də hibriddir. Bu maşınlar ekoloji təmizliyi ilə yanaşı, yanacağı az sərf edir və büdcə vəsaitinə də qənaət edir.
Görüşdə Azərbaycanda köhnə nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması, hibrid avtomobillərinin istifadəsi ilə havaya atılan zərərli tullantıların həcmini azaltmaqla ölkənin ekoloji durumunu yaxşılaşdırmağın mümkünlüyü qeyd olunub. Bildirilib ki, dünyanın bir çox ölkələrində elektrik və hibrid avtomobillərinin daha əlçatan olması üçün müxtəlif üsullar var. Yəni həmin avtomobillərin alıcılarına və satıcılarına müxtəlif tipli güzəştlər edilir və bu addımlar yaxşı nəticələr verir.
Toplantıda deyilib ki, Azərbaycanda da elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi üçün aidiyyəti qurumlarla birgə iş sürətlənməlidir.