Dünən ”Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün gətirilən “LEVC TX” modelli yeni 100 ədəd “London taksi”sinin təqdimatı oldu. Taksinin üstünlükləri barədə mətbuatda çox yazıldı.
Eləcə də bax: İlham Əliyev taksi avtomobili sürdü - FOTOLAR - VİDEO
Əlbəttə həmişəki kimi dövlət xətti ilə vergi ödəyicilərin pulu hesabına alınan mal və xidmətlərin qiyməti ictimaiyyətdən gizlədildi. Bu taksilərin neçəyə alınması barədə məlumat verilmədi. Təəssüf ki, taksini istehsal edən şirkətin saytında da bu barədə məlumatı əldə etmək mümkün deyil. İnternetdə bir az axtarış verib onların təxmini qiymətini tapa bildim. Məlum oldu ki, bu modellərin qiyməti 57099 funt sterlinq. Maşının konfiqurasiyasından asılı olaraq bu qiymət dəyişə bilər, ancaq qiyməti təxminən bu həddə hesab etmək olar. Deməli, bu taksilərə ümumilikdə 12-13 milyon manat civarında pul ödənilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu haqqda iqtisadçı ekspert Samir Əliyev məlumat verib. Onun sözlərinə görə, belə baxanda narahatçılıq heç də təkcə dövlət xətti ilə alınan 12-13 milyon manatlıq taksidə də deyil. Problem dövlətin hələ də aktiv şəkildə biznesə girişməsindədir. Taksi xidməti azsaylı sahələrdəndir ki, kifayət qədər rəqabət var. Hətta yanacağın bahalaşmasına rəğmən bu sahədə qiymətlər nəinki bahalaşmadı, hətta yaranmış rəqabət nəticəsində ucuzlaşmağa başladı. Dövlət bu sahədə rəqabəti qorumaq əvəzinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində ”Bakı Taksi Xidməti” MMC yaradıb və öz resurslarından istifadə etməklə özəl sektoru haqsız rəqabətlə üz-üzə qoyur və bununla da onların inkişafına mane olur. Biz dövlətin büdcə yükünü azaltmaq məqsədilə öz mülkiyyətində olan şirkətləri (kommunal, nəqliyyat və s.) özəlləşdirmək və ya uzunmüddətli idarəyə verməyi gözlədiyimiz halda dövlət Azərbaycan İnvestisiya Holdinqi yaradıb öz mövqeyini daha da gücləndirmək siyasəti yürüdür.