Bu ilin ilk 10 ayında (yanvar-oktyabr) Azərbaycan xaricə ümumi dəyəri 138 milyon 285 min dollar olan 1 362 ədəd müxtəlif mühərrikli minik avtomobili ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 9 milyon 908 min dollar və ya 7,7% artsa da, miqdar ifadəsilə 613 ədəd, başqa sözlə 31% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 128 milyon 377 min dollar dəyərində 1 975 ədəd minik avtomobili ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycandan ixrac edilən bir avtomobilin orta ixrac qiyməti 101 min 530 dollar (təxminən 172,6 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 65 min dollar (təxminən 110,5 min manat) idi. Bu da illik müqayisədə 36 min 530 dollar (62,1 min manat) və ya 56,2% kəskin bahalaşma deməkdir.
Avtomobil növləri üzrə ixrac
1. Mühərrik həcmi 3000 sm³-dən çox olan benzinli avtomobillərin ixracı
Bu ilin ilk 10 ayında Azərbaycandan 101 milyon 262 min dollar dəyərində 706 ədəd mühərrik həcmi 3000 sm³-dən çox olan, benzinlə işləyən minik avtomobili ixrac edilib. Bu, ümumi ixrac gəlirlərinin 73%-ni təşkil edib.
Bu kateqoriyadan olan avtomobillərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 37 milyon 805 min dollar və ya 59,6%, miqdar ifadəsilə isə 149 ədəd, başqa sözlə 26,7% çoxdur.
1 ədəd orta qiymət bu ilin 10 ayının nəticələrinə görə 143 min 431 dollar təşkil edib. Ötən ilin mvafiq dövründə isə 113 min 927 dollar idi (25,9% bahalaşma).
2. Mühərrik həcmi 1500-3000 sm³ olan benzinli avtomobillərin ixracı
Hesabat dövründə Azərbaycandan 23 milyon 234 min dollar dəyərində 484 ədəd mühərrik həcmi 1500-3000 sm³ olan, benzinlə işləyən minik avtomobili ixrac edilib.
Bu avtomobillərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon 597 min dollar və ya 19,4%, miqdar ifadəsilə isə 393 ədəd, başqa sözlə 44,8% azalıb.
1 ədəd orta qiymət bu ilin 10 ayının nəticələrinə görə 48 min 3 dollar təşkil edib. Ötən ilin eyni dövründə isə 32 min 875 dollar idi (46% bahalaşma).
3. Mühərrik həcmi 2500 sm³-dən çox olan dizel avtomobillərinin ixracı
Bu ilin ilk 10 ayında Azərbaycandan 13 milyon 149 min dollar dəyərində 153 ədəd mühərrik həcmi 2500 sm³-dən çox olan, dizel və ya yarım dizel mühərrikli minik avtomobili ixrac edilib.
Bu kateqoriyadan olan avtomobillərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 19 milyon 952 min dollar və ya 2,5 dəfə, miqdar ifadəsilə isə 313 ədəd, başqa sözlə 3 dəfə azalıb.
Bu növ avtomobillərin 1 ədədinin orta ixrac qiyməti bu il 85 min 944 dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə 71 min 32 dollar idi (21% bahalaşma).
4. Mühərrik həcmi 1500-2500 sm³ olan dizel avtomobillərinin ixracı
Cari ilin 10 ayında Azərbaycandan 633 min dollar dəyərində 17 ədəd mühərrik həcmi 1500-2500 sm³ olan dizel mühərrikli minik avtomobili ixrac edilib.
Bu avtomobillərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 305 min dollar və ya 4,6 dəfə, miqdar ifadəsilə isə 53 ədəd, başqa sözlə 4,7 dəfə azalıb.
Avtomobillərin 1 ədədinin orta qiyməti 37 min 234 dollara bərabər olub. Ötən il isə 41 min 969 dollar idi (11,3% ucuzlaşma).
5. Kiçik mühərrikli benzinli avtomobillərin ixracı
Azərbaycandan bu növ cəmi 6,5 min dollar dəyərində 2 ədəd mühərrik həcmi 1000-1500 sm³ olan, benzinlə işləyən minik avtomobili ixrac edilib.
Ötən ilin eyni dövründə bu göstərici 29,5 min dollar dəyərində 4 ədəd olmuşdu. Bu, həm dəyər, həm də miqdar baxımından azalma deməkdir.
1 ədəd orta qiymət: Bu il 3 min 250 dollar təşkil edib. Ötən il isə 7 min 375 dollar idi (56% ucuzlaşma).










