Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.
FED.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.
Prezident İlham Əliyevə məlumat verilib ki, işğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən “KamAZ” markalı 100 yanğınsöndürən və “İveco” markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb. “İveco” markalı avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ilin birinci rübündə nəzərdə tutulur.
Bildirilib ki, “KamAZ” və “İveco” markalı avtomobillərdən xüsusilə yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, yanğın yerinin fasiləsiz olaraq odsöndürücü maddələrlə təmin edilməsi, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, lafet lüləsi vasitəsilə yüksəklikdə yanğınların söndürülməsi, yanğın yerinin işıqlandırılması, eyni zamanda, digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq.
Diqqətə çatdırılıb ki, müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, işğaldan azad edilmiş ərazilərdə yüklərin və köməkçi materialların daşınması üçün FHN tərəfindən “Nissan Patrol” markalı 5, “Lada Niva Travel” markalı 11 və “QAZEL” markalı 6 avtomobil (onlardan 3-ü idxal edilib, digərləri isə cari ilin sonunadək idxal olunacaq) alınıb.
Bildirilib ki, nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.
Təqdim edilən texnikalar arasında “Ural” markalı avtomobillər də var. Bu avtomobillərdən də yanğın hadisəsi zamanı yüklərin daşınması və digər işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.