Elektrik doldurma infrastrukturu genişləndirilib: Azərbaycanda 600-dən çox cihaz quraşdırılıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Yaşıl nəqliyyat biznesi” tədbirində deyib.
Anar Rzayev çıxışında bildirib ki, ötən müddət ərzində alt qrupun 2024-cü il üçün yol xəritəsi üzrə tədbirləri həm dövlət, həm də özəl sektorun nümayəndələrinin iştirakı ilə müvəffəqiyyətlə icra olunub. 2025-ci il üzrə yeni yol xəritəsi təsdiq edilib və icrasına başlanılıb.
Bu sahə üzrə əldə olunan nailiyyətlərdən danışan AYNA sədri qeyd edib ki, ölkə ərazisində elektrik doldurma infrastrukturu genişləndirilib. İşğaldan azad olunmuş ərazilər də daxil olmaqla, üç yüzə yaxın məntəqədə altı yüzdən çox enerjidoldurma cihazı quraşdırılıb.
Bundan əlavə, Azərbaycanda elektrik doldurma xidmətlərinin normativ hüquqi bazası ilə bağlı mövcud vəziyyət araşdırılıb və Azərişıq ASC tərəfindən Azərbaycan elektrik doldurma xidmətinin bazarı üçün vahid platforma hazırlanıb.